sedanews.az
sedanews.az

Prezident sərəncam imzaladı

25-10-2022, 16:37 44 dəfə baxılıb




Prezident İlham Əliyev Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında Sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Sərəncamda deyilir:
““Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası ölkənin enerji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir. “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud avadanlıqlarına əlavə müasir texnologiyalar tətbiq edilərək, 600 MVt gücündə olan 7-ci və 8-ci enerji bloklarının gücünün daha 1280 MVt artırılması ilə əlaqədar rasional modernləşmənin həyata keçirilməsi iqtisadi, texniki, enerji sisteminin etibarlılığı, dayanıqlılığı və təhlükəsizliyi cəhətdən zəruridir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə üzrə iri sənaye müəssisələrinin yaradılması, eləcə də əhalinin sosial rifahının artması ilə əlaqədar növbəti illərdə böyük həcmdə generasiya güclərinə yaranacaq tələbatın qarşılanmasının və ölkənin ixrac potensialının artırılmasının vacibliyini nəzərə alaraq, “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyasının həyata keçirilməsi məqsədilə qərara alıram:
1. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində əlavə generasiya gücünün yaradılması üçün zəruri tədbirlər görsün.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində əlavə generasiya gücünün yaradılması məqsədilə maliyyə vəsaitinin cəlb edilməsi, idxal olunacaq avadanlıqların və ehtiyat hissələrinin idxal gömrük rüsumlarından azad olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehsalçı müəssisələrdən elektrik qurğu və avadanlıqların alınması və modernizasiya işlərinə podratçı təşkilatların cəlb olunması ilə əlaqədar tədbirlər görsün;
2.2. “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində görülən işlərlə əlaqədar avadanlıqların və ehtiyat hissələrinin alınması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”na uyğun olaraq dövlət zəmanətli kreditlərin cəlb edilməsi ilə bağlı məsələləri həll etsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA