Quranın nazil olduğu gecə gizlədilir: səbəb... - İlahiyyatçı
Qədr gecəsinin dəqiq vaxtı bizə bildirilməyib. Ramazan ayının 19, 21, 23-cü gecələri haqqında hədislər var. Lakin düşünürəm, bu, məqsədli şəkildə peyğəmbərimiz və imamlarımız tərəfindən gizlədilib. Yəni Qədr gecəsində edilən əməllər 1 gecə yox, 3 gecə edilsin deyə belə edilib.Bu sözləri açıqlamasında Məşədi Dadaş məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi
Hacı Şahin Həsənli Qədr gecəsi və onun fəzilətləri haqqında danışarkən deyib. İlahiyyatçı bildirib ki, Qədr gecəsi bütün gecələrin ən fəzilətlisidir:
“Çünki bu gecə Qurani-Kərim nazil olunub. Heç təsadüfi deyil ki, Quranın özündə də Qədr surəsi var. Bu surədə buyurulur ki, biz Quranı Qədr gecəsində nazil etdik. Buna görə də Qədr gecəsi min aydan daha xeyirlidir. Min ay təxminən bir insan ömrünə bərabər vaxtdır. Bu fakt belə Qədr gecəsinin bir insan ömrünə bərabər fəzilətə sahib olduğunu göstərir”.
Hacı Şahin bildirib ki, Qədr gecəsində aşağıdakı əməlləri həyata keçirmək lazımdır:
“Bu gecə əhya saxlayırlar. Əhya saxlamaq “oyaq qalmaq”, “diri qalmaq2 mənasını verir. Burada “oyaq qalmaq” dedikdə təkcə fiziki baxımdan oyaq qalmaqdan söhbət getmir. Qədr gecəsi insanın özü ilə və Yaradanla baş-başa qalıb, keçmişdə etdiyi günahları təftiş etməsi baxımdan böyük bir fürsətdir. Yəni Qədr gecəsi insanın dəyişməsi üçün bir şansdır. İnsanlar bu gecəni oyaq qalıb ibadət edir, Quran oxuyur, xüsusi dualar edirlər. Bir şeyi də qeyd edim ki, bu gecənin özünəməxsus bir fəlsəfi cəhəti də var. Belə ki, bu gecə ediləcək ən gözəl əməllərdən biri də düşünməkdir. İnsanın özü haqqında düşünməsi lazımdır. Bu gecə ərzində edilən yardımlar da böyük savabdır”.
istinad Axar az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.