Bakının ekoloji vəziyyəti iri sənaye şəhərlərinə xas olan cəhətlərə uyğundur. Bu, ilk növbədə, nəqliyyatın sıx olması, sənaye və iaşə müəssisələrinin fəaliyyəti ilə bağlıdır.Bunu Milli.Az-ın sorğusunu cavablandıran Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.
Rəis müavini hazırda paytaxtda ekoloji təmizliyinə görə yaşayış üçün ən ideal ərazilərin adlarını açıqlayıb:
"Əlbəttə ki, yerli relyefin və hava-iqlim şəraitinin təsiri də burada öz rolunu oynayır. Belə ki, Bakı şəhərinin hansı inzibati rayonunda daha əlverişli ekoloji vəziyyətin olması sualını cavablandırarkən sözügedən faktorları nəzərə almaq lazımdır.
Bakı şəhərinin inzibati rayonlarında atmosfer havasının keyfiyyəti üzrə aparılan monitorinqin nəticələrinə əsasən demək olar ki, Pirallahı rayonu, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisi və Yasamal rayonunun bəzi əraziləri digər rayonlara nisbətən daha əlverişli ekoloji şəraitlə səciyyələnir".