sedanews.az
sedanews.az

Azərbaycan adlı ilk dövlət nə vaxt yaranıb? – Həsən Həsənov

29-06-2021, 12:43 552 dəfə baxılıb

Azərbaycan adlı ilk dövlət nə vaxt yaranıb? – Həsən Həsənov



Azərbaycanın dövlət xadimi, sabiq baş nazir, tarix elmləri doktoru Həsən Həsənovun “Makedoniyalı İsgəndər və Atropat” adlı kitabında “Azərbaycan” adlı dövlətin yaranması ilə olduqca mühüm tarixi faktların təqdim edilməsi bu gün də müzakirə predmetidir.
Kult.az mövzunun son günlər aktuallaşdığını nəzərə alaraq, Həsən Həsənovun Azərtac-a müsahibəsini təqdim edir:
- Hörmətli Həsən müəllim, siz öz elmi fəaliyyətinizə sovet dövrünün əvvəlinə aid olan Azərbaycan tarixini tədqiq etməklə başladınız, sonra birinci Cümhuriyyətimizin formalaşmasının mürəkkəb prosesləri haqqında bir əsər dərc etdiniz. Necə oldu ki, sizdə tariximizin ən qədim dövrünə və “Makedoniyalı İsgəndər və Atropat” əsərini yazmağa maraq yarandı?
- Məsələ ondadır ki, tariximizin ən qaranlıq problemlərindən biri ölkəmizin ən qədim əhalisinin etnik mənşəyi haqqında məlumatın olmaması idi. Konseptual olaraq desək, Azərbaycanın ən qədim dövrünün etnik dünyasına olan qapını açacaq bir açar yox idi. Bu baxımdan, Zaur Həsənovun Nyu Yorkda nəşr olunan “Çar skiflər” adlı monoqrafiyası olduqca əhəmiyyətli, qətiyyətli və əsaslı oldu. Skiflər haqqında ilkin mənbələrdə e.ə. VII əsrdən başlayaraq Azərbaycanda baş verən hadisələrlə əlaqədar bəhs olunur. Eyni zamanda, arxeologiya skiflərə qohum xalq olan sakların Azərbaycanda daha əvvəllər yaşadığını qəbul etməyə əsas verir. Zaur Həsənovun məhz “Çar skiflər” əsəri və sonrakı bir sıra əsərləri mənim “Makedoniyalı İsgəndər və Atropat” əsərini yazmağım üçün əsas verdi. Həmin əsərimdə Azərbaycan tarixinin iki çox vacib mərhələsi haqda danışılır...
- Bu, hansı iki mərhələdir?
- Birinci mərhələ - Atropatena/Adorbayqan/Azərbaycan adlı dövlətin yaranmasıdır, hansı ki, sonralar öz müstəqilliyini itirmişdir. İkinci mərhələ isə həmin dövlətin eyni ad altında müstəqilliyinin bərpasıdır.
- “Azərbaycan” adlı ölkə hansı şəraitdə yaranıb?
- Roma tarixçisi Ammian Marsellin (IV əsr) “Atropatena” adlı ölkənin Assuriya İmperiyasının süqutu nəticəsində yaradıldığını bildirir. Həmçinin Suriyanın Karki de bet Selox (V əsr) salnaməsi “Adorbayqan” adlı ölkənin Assuriya İmperiyasının süqutu nəticəsində meydana gəldiyini bildirir. E.ə. I əsrə aid Roma xəritəsində eyni ölkə “Atrapatena” adlanır. “Atropatena/Atrapatena, Adorbayqan” və müasir “Azərbaycan” ad versiyaları eyni mənşəyə mənsubdurlar, bu haqda daha sonra ətraflı məlumat veriləcəkdir.
- Assuriya İmperiyası nə vaxt dağılıb, hansı ki, nəticədə Azərbaycan adlı dövlətin yaranmasına gətirib?
- Britaniya Muzeyində akkad dilinin yeni Babil ləhcəsində mətni təsvir edilən “The Fall of Nineveh” adlı mixi lövhə saxlanılır. Mətn 1923-cü ildə ingilis alimi S.J.Qadd (ing. C.J.Gadd) tərəfindən oxunub və nəşr edilib. Lövhədəki mətnə əsasən Assuriya İmperiyasının paytaxtı Nineviya e. ə. 612-ci ildə işğal olunaraq məhv edilib. Assuriyalılar müxtəlif şəhərlərdə hakimiyyəti qorumağa və hətta sənədlər dərc etməyə çalışsalar da, dövlətin mövcudluğu dayandırılıb. Bu səbəbdən Ammian Marsellininin bəhs etdiyi (Atropatena) və Suriyanın Karki de bet Selox salnaməsində bəhs olunan (Adorbayqan) yeni ölkənin yaranması tarixi e.ə. 612-ci il hesab olunur.
- E.ə. 612-ci ildə yarandığı zaman “Atropatena/Adorbayqan” adlı ölkənin hüdudları hara idi?
- Yarandığı anda Atropatena/Adorbayqan adlı ölkənin hüdudları barədə, ilkin mənbələrdən alınan məlumatlara, eləcə də E.Kavaiqnyak, Volfram Nagel, A.A.Nemirovski kimi XX əsr müəlliflərinin araşdırmalarına əsasən mühakimə edilə bilər. Bunlardan V.Nagel və A.Nemirovski hətta sərhədləri aydın göstərən xəritələr tərtib ediblər. Yəni, ölkənin şərq sərhədinin Xəzər dənizinin sahili olduğunu, qərb sərhədlərinin Anadoluda (hazırkı Qızıl İrmak) Qalis çayına çatdığını, şimal sərhədlərinin Qafqaz silsiləsinə, cənub sərhədlərinin isə Urmiya gölünə çatdığını qəbul etməyə əsas verir. Midiya isə ondan vassal asılılığında idi.
- Hansı xalq Assuriya İmperiyasını məhv etdi və Atropatena/Adorbayqan adlı ölkəni yaratdı?
- “The Fall of Nineveh”adlı Yeni Babil mixi lövhəsi və İstanbulda Arxeoloji Muzeydə saxlanılan mixi yazılı Nabonidus qranit lövhəsi Assuriya İmperiyasının Umman-Manda xalqı tərəfindən dağıdıldığından xəbər verir. Bu lövhənin tədqiqatçıları Qadd və B.B.Piotrovski Umman-manda adı altında skiflərin nəzərdə tutulduğunu iddia edirlər. Qərbi Asiyada o dövrdə hegemon xalqı “şimaldan gələn” adlandırırdılar. Əvvəlcə bu ad altında kimmerlər, sonra skiflər və nəhayət midiyalılar nəzərdə tutulurdu. E.ə. 623-cü ildə skiflərin midiyalılar üzərində (Çar Madiyanın başçılığı altında) qələbəsi nəticəsində (e.ə. 623-594-cü illər, 28 il ərzində) hegemonluq skiflərdə idi (bax. Herodot). Assuriya İmperiyasının dağıdılmasının e.ə. 612-ci ildə, yəni skiflərin hegemonluğu dövründə baş verdiyini nəzərə alsaq, “Umman-manda xalqı” dedikdə skiflərin nəzərdə tutulduğu şübhə doğurmur. Atropatena/Adorbayqan adlı ölkəni yaradan məhz Assuriya İmperiyasını məhv edən skiflər olub.
- Bəs Herodot deyir ki, Assuriyanı midiyalılar məhv etdilər?
- Doğrudur, yalnız Herodot (I, 103-106) deyil, həm də onun ən yaxın çağdaşı Ktesiy (Ctesias) də Midiyanın Assuriyanı məhv etdiyindən bəhs edir (bax: Diodor II, XXXII, 5). Lakin biz Herodot və Ktesiyin yazdıqlarını təkzib edən ilkin mənbələrə malikik. İlk növbədə, Herodot Kiaksarın 40 il hökmranlıq etdiyini (28 il sürən skif hökmranlığı da daxil olmaqla) vurğulayır. Bu, o deməkdir ki, Kiaksar 28 il ərzində Midiyanın hökmranlığından uzaqlaşdırılmış, Assuriya isə məhz 28 il davam edən skif hegemonluğu dövründə məhv edilmişdir. Diodor Assuriyanın Midiyanı öz valisi vasitəsilə idarə etdiyi barədə məlumat verir. Diodor Assuriyanı məğlub edən Arbakın Midiya çarı yox, yalnız “Midiya sərkərdəsi” olduğunu da vurğulayır. (Diodor II, XXVI, 1, 2). Kurtsiy Rufun və Diodorun bəhs etdikləri, həmçinin Assuriya İmperiyasını məhv edən ölkə barədə fikir formalaşmasına əsas verir. Kurtsiy Rufa görə, Makedoniyalı İsgəndərin qəbul etdiyi skif səfirləri ona “Suriya çarını, fars və midiyalıların çarını məğlub etdiklərini” bildirdilər və bu qələbələr sayəsində onların qarşısında Misirədək aparan yol açıldı (Kurtsiy Ruf, VII, 8, 18). “Suriya çarı” dedikdə Nineviyanın işğalı zamanı məğlub olan Assuriya çarı nəzərdə tutulur. “Fars və midiyalıların çarı” dedikdə Madiy tərəfindən məğlub edilən Midiya hökmdarı Kiaksar nəzərdə tutulur. Skiflər qarşısında Misirə aparan yolun açılması məsələsinə gəldikdə isə, bu barədə ilkin mənbələrdə məlumat verilir. “Skif hökmdarları tərəfindən digər məğlub edilmiş tayfaların da köçürülməsi və ən önəmli olanlardan biri Assuriyadan Paflaqoniya və Pontom arasında yerləşən torpaqlara, digəri isə Midiyadan Tanais çayı sahilinə köçürülmələri” barədə Diodorun yazdıqları assuriyalıların və midiyalıların məhz skiflər tərəfindən məğlub edilmələri sualına birmənalı cavab verir. (Diodor, II, XLIII, 6,7.).
- Assuriya İmperiyasının çökməsi və Atropatena/Adorbayqan adlı ölkənin yaranması zamanı skiflərin hökmdarı kim olmuşdur?
- Herodot yazır ki, skiflərin midiyalılar üzərində qələbəsi (e.ə.623-cü il) zamanı hökmdar Madies/Madiy idi. [Strabon onu Skifiyalı Madiy, Suriya mənbəyi isə Maday adlandırır]. Madiy e.ə. 673-cü ildə skif çarlığını (Assuriya mənbələrində “Aşquz/İşquz” adı ilə qeyd olunan) yaradan digər skif hökmdarı Prototinin oğlu idi. [Z.Həsənov Herodotu orijinal dildə oxumuş və orada “skiflər” deyil, “quzlar” yazıldığını aşkar etmişdir. “Quz” oğuz adının formalarından biridir]. Skif çarlığı Araz çayının sol sahilindən Qafqaz silsiləsinə qədər olan ərazidə yerləşirdi. Karki de bet Selox salnaməsində Assuriya İmperiyasının dağıdılması barədə qeyd olunur ki, “Arbak, çar Maday Assuriya çarlığına qarşı üsyan etdi”. Nəyə görə burada iki ad - Maday və Arbak - istifadə olunur? Məsələ burasındadır ki, e.ə. 623-cü ildə Midiya çarı Kiaksar Assuriyanı təkbaşına fəth etmək qərarına gəldi və bu məqsədlə paytaxt Ninevanı mühasirəyə aldı. Mühasirə uğurla başladı. Assuriya çarı təhlükəni hiss edərək skif çarı Madiydən kömək istədi. Madiy Midiyaya hücum etdi, Kiaksar Nineviyanın mühasirəsini dayandıraraq qoşunu ilə Midiyaya qayıdır və Madiy tərəfindən məğlub edilir. Bunun nəticəsində Herodotun dediyinə görə, skiflər 28 il ərzində Qərbi Asiyanın hegemonu oldular. Bölgədə hakimiyyətini davam etdirən Assuriya çarı Madiyi öz valisi təyin etdi. Yunan, Roma, Bizans, Suriya və Avropa qaynaqlarında əvvəlcə midiyalıları məğlub edən, sonra Assuriya İmperiyasını məhv edən skif çarı Madiy, Arbak/Arpat/Adurbad və s. titullarla Midiyada vali təyin olundu.
- Skiflər hansı etnosa aid idilər?
- Herodot təsvir etdiyi dövrün skif imperatorluğu müxtəlif xalqlardan ibarət böyük bir ərazini əhatə edirdi. Herodot skiflərin mifologiyasını, sosial strukturunu və bütpərəst dinini ətraflı təsvir edir. Bundan əlavə, Herodot qeyd edir ki, skif dövlətinin əhalisi yeddi dildə danışırdılar və hakim klanın nümayəndələri ölkəni gəzdikləri zaman özləri ilə yeddi tərcüməçi götürürdülər. Buna baxmayaraq, həm Avropa, həm sovet elmində, Herodotun yazdıqlarını diqqətə almayaraq, skifləri bütünlüklə, heç bir əsas olmadan, irandilli xalq olaraq tanıyırlar və onların yeganə davamçı nəsli olaraq osetinləri hesab edirlər. Son illərin tədqiqatları, o cümlədən Azərbaycan alimi Z.Həsənovun dil problemi və sosial-mifoloji aspektlər haqda araşdırmaları, skif cəmiyyətinin çoxdilli olmasını və hakim klanın türk klanı olmasını qəbul etməyə əsas verir. Eyni zamanda, qeyd edilməlidir ki, Atropatena/Adorbaygan/Azərbaycan adlı dövlət təşəkkül tapdığı dövrdə geniş əraziləri əhatə etməklə, bir çox xalqları birləşdirmiş və bunların həm dövlətin təşəkkülündə, həm də möhkəmlənməsində xidmətləri olmuşdur.
- Madiy adının və Arbak/Arpat titulunun mənşəyi nədir?
- Madiy adına gəldikdə isə türk tarixində Mode, Maodun, Modun, Mete adlı (e.ə. 234-174-cü illər) hun hökmdarı vardır ki, İakinf Biçurin və F.Hirt kimi türkşünaslar onu Oğuz xanla identifikasiya edirdilər. Hun hökmdarının Oğuz xan olması ilə biz razı deyilik, ona görə ki, onların yaşam dövrlərində bir neçə əsr fərq vardır. Bununla bərabər, Mode türk hökmdarı adının mövcud olması skif çarı Madiyin adının türk mənşəli olmasını hesab etməyə əsas verir. Hun hökmdarının adının türk versiyası “Mete”dir, bu isə türk dilindən tərcümədə “cəsur”, “igid”, “cəsarətli” mənalarını verir. “Vali” mənasında istifadə olunan Arbak titulu türk ənənəsində “əcdadın ruhu” mənasında yayılmışdır. Arpat, adı öz Avropa ölkəsinin yaradıcısı olaraq macarların ənənəsində qorunub saxlanılır. Qədim dövrdə skif bölgəsi olan Krımda Arpat adı toponim və hidronim şəklində geniş yayılmışdır. “Adurbad” forması əlavə mənaya malikdir və bu barədə daha sonra ətraflı müzakirə edəcəyik.
- “Atropatena/Adorbayqan” ölkə adı necə yarandı?
Ardı var…






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA