"Payızda yoluxma hallarının artacağı proqnozlaşdırılır".
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı payız aylarında yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında artım olacağını proqnozlaşdırır: "İyundan etibarən ölkəmizdə yoluxma saylarında müəyyən artımlar var. Doğrudur, yoluxma halları 500-700 səviyyəsində stabilləşib. Hətta son günlər infeksiyadan sağalanların sayı yeni yoluxanların sayını üstələyir. Əvvəlki dalğalarda da bunu müşahidə etmişik. Payız mövsümü yaxınlaşır və havalar soyuyur. Bu zaman təkcə COVID deyil bütün hava-damcı infeksiyalarına yoluxma faktlarında müəyyən artımlar, respirator alovlanmalar olur. Pandemiya təcrübəsinə baxsaq görərik ki, 2020-2021-ci illərdə də eyni halı yaşamışıq. Çünki həmin dövrdə infeksiyaların yayılması üçün əlverişli şərait yaranır. Havalar soyuq olduqda insanlar daha çox qapalı mühitlərdə toplanırlar, yaxın təmasların sayı artır, otaqların havalandırılması azalır. Digər tərəfdən isə vətəndaşlar infeksiyaya yoluxma hallarının az olduğu vaxtlarda arxayınlaşaraq fərdi qoruyucu vasitələrdən, maskadan istifadə etmirlər, qaydalara laqeyd yanaşırlar. Bir yandan da payız aylarında insan immunitetinin təbii olaraq zəifləməsi, ikinci tərəfdən isə vaxt keçdikcə istər vaksinasiya, istərsə də xəstəliyi keçirmə nəticəsində koronavirusa qarşı əldə olunmuş immunitetin zəifləməsi baş verir. Bütün bu faktorlar infeksiyanın ötürülməsini daha da asanlaşdırır. Bunu əyani olaraq gündəlik yoluxma hallarında görürük. Payızda yoluxma hallarının artacağı proqnozlaşdırılır. Ona görə də bu ərəfədə diqqətli olmalı və qabaqlayıcı tədbirləri görməliyik".
Mütəxəssis-ekspert bildirib ki, əvvəllər stasionarın izafi yüklənməsi baş verdiyindən dövlət müəyyən qapanmalara getməyə məcbur olurdu. İndi isə yüksək yoluxma halları olanda belə yüngül xəstələrin sayının çox, stasionar yatışların sayının az olması səbəbindən izafi yüklənmə qeydə alınmır: “Belə olan halda sərt qapanmalara getməyə ehtiyac olmur. Odur ki, verilən qərarlar ancaq tövsiyə xarakterlidir, yəni maskanın taxılması, məsafə saxlanılması ilə bağlıdır. Düşünürəm ki, belə də davam edəcək. Ehtimal olunur ki, izafi yüklənmə olmayacaq”.
T.Eyvazovun sözlərinə görə, dünyada hazırda COVID-19-un “omikron” ştamının bir-birindən müəyyən qədər fərqlənən alt tipləri üstünlük təşkil edir və yayılır. Yeni bir ştamın əmələ gəlməsi isə nəzəri olaraq mümkündür.
“Qonşu ölkələrə nəzər salsaq, görərik ki, onlarda artımlar bizdən əvvəl başlayıb və yoluxanların sayı kifayət qədər çoxdur. Azərbaycanda COVID-19-la əlaqədar epidemioloji vəziyyət nisbətən stabil və nəzarətolunandır.
Pandemiya təcrübəsi bizə pandemiya davranışını öyrədib. Bilirik ki, alovlanmalar vaxtı nələrə riayət etməliyik, özümüzü necə gözləməliyik. Bir qədər diqqətli olmaq lazımdır. Etinasızlığın ağır nəticələrə gətirib çıxardığına bir neçə dəfə şahid olmuşuq”, - o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.