Şuşa haqda qanun gərgin müzakirələrdən keçdi
Milli Məclisin plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qanunla bağlı ciddi müzakirələr olub.
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevə deyib ki, layihə mayın 27-də parlamentin iclasında ikinci oxunuşdan keçib:
“Deputatlar bəzi təkliflər irəli sürdü. Həmkarlarımdan Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Jalə Əliyeva, Aydın Mirzəzadə və digərləri təkliflərlə çıxış etdilər. Həm mən, həm də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli izahat verdik. Biz təkliflərlə bağlı hakimiyyət orqanları ilə müzakirələr aparmışıq. Həmkarlarımı qanun layihəsinə səs verməyə dəvət edirəm”.
Qüdrət Həsənquliyev isə deyib ki, ikinci oxunuşda iki məsələni qaldırıb:
“Bunlardan biri şəhərin idarəetməsinin forması ilə bağlı olub. Hörmətli Əli Hüseynli deyib ki, şəhərdə icra hakimiyyəti və bələdiyyə orqanları fəaliyyət göstərəcək. Bu, məni qane etdi.
İkinci qaldırdığım məsələ şəhərə giriş-çıxışın tənzimlənməsi ilə əlaqədar idi. Qənirə xanım dedi ki, ikilikdə danışacaq. Ancaq dedikəri məni qane etmədi. Bildirdi ki, bütün qoruqlara giriş-çıxış tənzimlənir. Aydın olmadı ki, Şuşaya giriş-çıxış necə tənzimlənəcək. Əgər hər bir avtomobil yoxlanılsa, bu, əlbəttə, tıxac yaradacaq. Yox, əgər pullu olacaqsa, məncə, bu doğru deyil”.
Komitə sədri Ziyafət Əsgərov isə Qüdrət Həsənquliyevin qaldırdığı məsələyə cavab olaraq bildirib ki, bu məsələlər Konstitusiyanın 94-cü maddəsi ilə tənzimlənir: “Texniki məsələlər isə icra qurumları tərəfindən tənzimlənəcək”.
Deputat Fəzail Ağamalı bildirib ki, layihə ikinci oxunuşdan keçərkən Şuşa şəhərində Mədəniyyət və İncəsənət Universitetinin yaradılmasını təklif edib: “Qənirə xanım buna münasibət bildirmədi”.
Sonda qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Axar.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.