sedanews.az
sedanews.az

Təhlükəli “status” oyunu: Rus politoloq nəyə işarə etdi? - Video

11-06-2021, 15:22 458 dəfə baxılıb

Təhlükəli “status” oyunu: Rus politoloq nəyə işarə etdi? - Video




Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağda “status”la bağlı açıqlaması gözlənildiyindən daha çox ciddiyə alındı və bir-birinin ardınca politoloqların şərhi yayımlandı.
Lavrov demişdi ki, azərbaycanlılarla ermənilər Qarabağda yenidən ATƏT-in humanitar dəstəyi ilə yan-yana yaşamağa başlasalar, Qarabağın statusunu həll etmək asan olacaq.
Kifayət qədər “əgər”, “başlasalar” timsalında ehtimallar var və bu fikirlərdən başqa – daha pozitiv və yeni reallığa uyğun nəticələr də çıxarmaq mümkündür.
Buna baxmayaraq, yada salaq ki, bundan öncə də S.Lavrov ara-sıra keçmiş Dağlıq Qarabağda hansısa “status”un mümkünlüyü haqda bəhs edib və bunun bugünün işi olmadığı, gələcəkdə müzakirə predmeti olacağı haqda eyham vurub.
Politoloqların – əlbəttə ki, əsasən, rusiyalı politoloqlardan söhbət gedir - əksəriyyəti bu mövqeyi diplomatik hesab edirlər – yəni Ermənistanı “küsdürməmək” üçün olan baxış. Ancaq deyəsən, politoloqlar öz ərazi bütövlüyünü bərpa edən, hazırda regionda əsas güc sahibi və regional güclərin vazkeçilməz tərəfdaşı olan Azərbaycanın “küsdürülüb-küsdürülməməsi”ni ümumiyyətlə yada salmaq istəmirlər.
Məsələ ondadır ki, bu “diplomatik açıqlama”nın İrəvanın küsüb-küsməməsi üstündə qurulmasının özü ciddi gərginlik yaradır. Azərbaycan 44 günlük müharibə ilə ərazi bütövlüyünü bərpa edib, keçmiş Dağlıq Qarabağda isə rus sülhməramlılarının köçürüb gətirdiyi və ciddi humanitar yardımla dəstəkləyib-bəsləyib saxladığı cəmi 30 minə yaxın erməni əhali var. Və bunun günahı heç də müharibə deyil. Vətən müharibəsi başlanandan keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin sayı 60 minə qədər azalmışdı – 1989-cu ildə bu rəqəm 145 mindən çox idi. İndi bu ərazinin yaşamaq üçün daha perspektivsiz olduğunu düşünən ermənilər artıq miqrasiyanı sürətləndiriblər və doğru da edirlər.
Beləliklə, Azərbaycan 30 min erməniyə hansı statusu “gələcəkdə” müzakirə edə bilər ki?
Bu sualın birmənalı cavabı olmalıdır və ermənilərə hər hansı diplomatik, ya qeyri-diplomatik mesaj, vəd vermək kimi yanlış ənənə bitməlidir.
Əvəzində isə ötən gün rusiyalı politoloqların iki baxışı ilə üzləşirik: birini Mixaylovun, digərini isə Markovun simasında ümumiləşdirək.
Yeri gəlmişkən, dərhal əlavə edək ki, hər iki politoloq Azərbaycan cəmiyyətində xüsusi rəğbətlə qarşılanan şəxslərdir, çünki keçmiş Dağlıq Qarabağ münaqişəsinə ədalətli baxışları ilə hər zaman seçiliblər. Üstəlik, hər iki politoloqun Kremlə yaxın olduğu da diqqətdən yayınmamalıdır.
Rusiya Jurnalistləri Birliyinin üzvü Yevgeni Mixaylov qeyd edib: “Rusiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır!” fikrini eşidib və hesab edirəm ki, əgər gələcəkdə hər hansı statusdan söhbət getsə, bu, yalnız Azərbaycanın tərkibində ola bilər”.
Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov isə deyib:
“Status hava şəraiti kimidir. Çölə çıxırsınızsa, əvvəlcədən uyğun şəkildə geyinmək üçün havanın necə olduğunu bilməlisiniz. Heç bir status olmadan mümkün deyil (???). Bu, adi vilayət də ola bilər (Azərbaycanın tərkibində - red.). Ancaq bunun özü də artıq bir statusdur”.
Y.Mixaylov status məsələsinin özünün gələcəkdə müzakirə olunub-olunmayacağını şübhə altına alır və doğru da edir. S.Markov isə əksinə, “heç bir status olmadan mümkün deyil” deyə qəribə bir mövqe sərgiləyir.
Bu, Azərbaycan cəmiyyətinin altşüuruna hansı mesajın ötürülməsidir?
“Heç bir status olmadan” ona görə mümkündür ki, bunu Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev elan edib və qətiyyən siyasi, diplomatik sürüşdürmələr, söz oyunu və manevrdən istifadə etməyib ki, indi bunu fərqli istiqamətə yozmaq mümkün olsun. İlham Əliyev konkret, birbaşa və sərt şəkildə elan edib: “Status cəhənnəmə getdi”, “Status gorbagor oldu!”
Azərbaycan xalqının da mövqeyi budur və bunu İlham Əliyev xalqın iradəçisi kimi ifadə edib.
İlham Əliyevin bu kursunu hətta 100 il sonrakı xələfi də dəyişə bilməz!
Belədə nə ermənilərə ümid verməyə ehtiyac var, nə də hansısa “gələcəklə” bağlı Azərbaycanın iradəsi əleyhinə oyun oynamağa. Kremlə yaxın və rəğbətlə qarşıladığımız politoloqların da fikri alınarkən, Azərbaycanın iradəsi ifadə edilə bilər.
Status – yerli bələdiyyədir. Əgər kompakt yaşadıqları məhəllə olsa, əgər Azərbaycanın bir milyon köçkünü geri qayıdana qədər indiki humanitar yardımlar və dəstəklər davam etsə və 30 minlik saylarını qoruya bilsələr, əgər 4,5 il sonra rus sülhməramlılarının qalma müddətinə baxılsa, rus sülhməramlılarının getmə məsələsi gündəmə gələndə Qarabağda erməni sayı kəskin azalmasa, onda kompakt yaşadıqları yerdə bacarsalar, bələdiyyə sədri seçərlər. Bitdi!
Bələdiyyə də “status”dur – bu da Azərbaycanın mövqeyi!
Yeri gəlmişkən: Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur və bunu unudublarsa, istənilən politoloqun yadına sala bilərik. Yaddaş üçün Prezident İlham Əliyevin 26 fevral 2021-ci il konfransına bir daha baxmaq olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA