sedanews.az
sedanews.az

Xalqın doğru seçimi - İlham Əliyev

7-04-2022, 14:45 81 dəfə baxılıb

                                              Xalqın doğru seçimi -  İlham Əliyev




     Çoxəsrlik dövlətçilik tariximizdə özünəməxsus yeri olan, nadir, bənzərsiz şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev tarixin yaddaşında əbədi iz qoymaqla yanaşı–canından, qanından artıq bildiyi, rifahı, gələcəyi üçün həyatının son gününə kimi çalışdığı doğma Vətənini müəllifi olduğu möhkəm təməllər üzərində davam etdirən, millətini Heydər Əliyev ideyaları ətrafında birləşdirən, irsinin layiqli davamçısı cənab İlham Əliyevə əmanət etmişdir. İlham Əliyev xalq-hakimiyyət birliyini, başçısı olduğu dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini mükəmməl şəkildə tənzimləyən, xalqını arxasınca aparmağı bacaran güclü və savadlı liderdir. Elə bir lider ki, müstəqil siyasət aparmaqla yanaşı, xalqının və dövlətinin milli maraqlarını bütün mənafelərin üstündə tutur, özünü bu xüsusiyyətləri ilə sevdirir və xalqına seçkilərdə onu seçməsində haqlı olduğunu sübut edir. İstər 2003, istər 2008, istərsə də, 2013–cü illərdəki Prezident seçkilərində Azərbaycan siyasətində onun alternativinin olmadığı bütün dünyaya şəffaf seçkilər vasitəsilə xalqın böyük dəstəyi ilə sübut olundu. 
Azərbaycanda 2018-ci ilin 11 aprel tarixində keçirilən prezident seçkilərində də növbəti dəfə xalqın böyük əksəriyyətinin səsini qazanaraq parlaq qələbəyə nail olan cənab İlham Əliyev ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına xidmət edən inqilabi addımların atılması ilə xarakterik yeni uğurlu islahatlar mərhələsinə keçidə təminat vermişdir.
    Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmiş, səsini Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolu layiqli davam etdirən Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdir. Növbəti dəfə xalqın etimadini qazanan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuş və hərtərəfli inkişafa nail olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur.
Dövlətimizin başçısı tərəfindən aparılan islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. 
Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır. 2018-ci il 11 aprel prezident seçkilərindən sonra cənab İlham Əliyevin bəyan etdiyi və tətbiqinə başladığı genişmiqyaslı və hərtərəfli islahatlar kursu sayəsində Azərbaycanın siması büsbütün dəyişmişdir. Müasir, sivil, demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünya siyasi arenasından eşidilməkdədir. İstənilən çətin vəziyyət qarşısında xalqının arxasında dayandığı Prezident İlham Əliyevin hadisə və proselərə prinsipial və qətiyyətli yanaşma tərzinə, profilaktik, ardıcıl və sistemli qərar qəbuletmə məharətinə və sarsılmaz iradəsinə görə Azərbaycan dövləti və onun prezidenti cənab İlham Əliyev, sözün həqiqi mənasında, bütün dövlətlər və onların liderləri üçün bir nümunədir.
    Tariximizə ən parlaq qələbəni də o yazdı, torpaqlarımızı işğaldan azad edərək xalqın 30 illik həsrətinə son qoydu. Bu 44 günlük Vətən müharibəsi Azərbaycan Prezidentinin həm də elə ali keyfiyyətlərini üzə çıxardı ki, dünya onu heyrətlə izlədi, səmimiyyəti ilə bir daha qəlblərdəki yerini möhkəmləndirdi, böyükdən - kiçiyə hər kəsin sevdiyi və gözlədiyi insana çevrildi. O, müharibə dövründə dünyaya təkcə qalib sərkərdə kimi deyil, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, xalqının gələcəyini düşünən, ölkəsi üçün adil qərarlar verən, hərbi- strategiyanı mükəmməl bilən qəhrəman Azərbaycan oğlu kimi tanındı və bizi dünyaya əsl milli kimliyimizlə tanıtdı.

                                                                        Suraxanı rayon Heydər Əliyev Mərkəzinin
                                                                               direktor əvəzi Məlikbəyli Firəngiz






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA