sedanews.az
sedanews.az

Ulu öndər Heydər Əliyev doğma dilinin inkişafı üçün əlindən gələni edirdi

21-04-2022, 16:04 307 dəfə baxılıb

                           Ulu öndər Heydər Əliyev doğma dilinin inkişafı üçün əlindən gələni edirdi




      Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi rəhbərliyə gəldiyi o tarixi qayıdışı ilə xalqımızın iradəsi olan dövlətçilik salnaməsinə “Qurtuluş Günü” səhifəsi yazdığı məqamlardan 27 il ötür. Həmin mürəkkəb ictimai-siyasi situasiyada, 1920-ci ildə qəsb edilmiş milli dövlətçiliyinin bərpasından iki il belə keçməmiş onu itirmək təhlükəsi ilə üzbəüz qalan, üstəlik, vətəndaş müharibəsinin bircə addımlığında dayanan xalqımızda özünə inamı bərpa edən o Qayıdışla bağlı çox, lap çox yazılacağına əminik. Aradan keçən illərin yaradacağı mənzərənin araşdırılacağı şəksizdir və həmin mənzərədə Ümummilli Liderin mühüm dövlət işlərinə həsr olunan fəaliyyətinin digər məqamları kimi, xalqımızın ən böyük maddi-mənəvi sərvəti olan Azərbaycan dilinə qayğı və diqqəti xüsusi yer tutacaq.
Bu qayğı və diqqət Ümummilli Liderimizin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi zamanında, 1969-cu ildən özünü göstərib. O həmin illər idi ki, Azərbaycan SSR-nin Rusiyanın dominantlığı ilə yaradılmış İttifaqa daxil etdirilməsindən keçən 50 ilə yaxın müddətdə rus dilinin bütün sahələrdə total tətbiqinə start verilmişdi. Bu, daha çox onunla xarakterizə edilirdi ki, milli respublika olaraq İttifaqın tərkibinə daxil olan subyektlərdən birində həmin subyektivin mütləq əksəriyyət təşkil edən aborigen əhalisinin, azərbaycanlıların əsrlərdən bəri regionun danışıq dili statusu qazanmış dili, Azərbaycan dili diskriminasiyaya məruz qalır, get-gedə ancaq məişət dili səviyyəsinə endirilirdi.
Ümummilli Lider Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk aylardan dilimizin dövlət dili səviyyəsinə qaldırılması istiqamətində dövlət siyasətinin təməlini yaratdı. Əlbəttə, İttifaqda əsası qoyulan ümumi siyasətin konturlarının sərhədləri və SSRİ-də gedən proseslərin məcrasında aparılan siyasət mərkəzləşdirilmiş şəkildə və ardıcıl olaraq təşkil edilmişdi. 1969-cu ilin yayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsinə seçilən Heydər Əliyev həmin ilin avqust ayında respublikanın başlıca siyasi yığıncağında öz platformasını elan etdi. Tarixə avqust plenumu kimi düşən bu ali siyasi məclisdə məruzə ilə çıxış edən Heydər Əliyev təxirəsalınmaz problemlərdən biri kimi milli ziyalı kadrların yetişdirilməsi və onların qarşısında dayanan perspektiv məsələlərdən danışdı.  . 
     Sonralar Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci dövrünün nəticələrinin təhlili göstərəcəkdir ki, deyilən bütün sözlər həyata keçmiş, ölkə həyatının müxtəlif sahələri kimi, inkişaf və quruculuq işləri elm və təhsil sahəsindən də yan ötməmişdir. İstər ölkənin iqtisadiyyatı, istərsə də sosial həyatındakı statistik rəqəmlərin yaratdığı mənzərədə həmin inkişafın spektrlərini görmək olardı. Aqrar bir ölkənin güclü sənaye mərkəzləri yaranır və şaxələnirdi. O illərdə elm, təhsil, maarif, ictimai-mədəni sahələrdə də keyfiyyətli dəyişikliklər baş vermişdi. 
Azərbaycan dilinin inkişafında xidmətləri ilə Heydər Əliyev özü həmişə nümunə olmuşdur. O hesab edirdi ki, şəxsi nümunədən təsirli hansısa bir vasitə yoxdur. Aradan keçən əlli illik müddət Ümummilli Liderin başladığı və bu gün də dil sahəsində dövlətin aparıcı siyasətini təşkil edən kursun düzgünlüyünü təsdiq edir. Bunun üçündür ki, Azərbaycan dilinin inkişaf etdirilməsində, qiymətləndirilməsində Heydər Əliyevin əvəzsiz xidmətlərini hətta onun siyasi opponentləri belə etiraf edirlər. Heydər Əliyev bütün rəsmi yığıncaqlarda, tədbirlərdə rəhbər şəxslərin rus dilində çıxış etməsinin ənənəyə çevrildiyi bir vaxtda - 1969-cu ilin noyabrında Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə keçirilən təntənəli yığıncaqda öz ana dilində, Azərbaycan dilində çıxış etməsi ilə ölkədə geniş yayılmış stereotipi sındırdığını qeyd etmişdik. Respublikada böyük məmnuniyyət hissi ilə qarşılanan həmin çıxış o dərəcədə ictimai əhəmiyyət kəsb edirdi ki, Azərbaycan dilində etdiyi uğurlu çıxışa görə hətta onu təbrik edənlər olurdu və onlar saysız-hesabsız idi. 
      Bu, bir həqiqətdir ki, Heydər Əliyev bütün fəaliyyəti dövründə həmişə Azərbaycan xalqının dilinin, mənliyinin, milli şüurunun, milli mentalitetinin qorunması və inkişaf etdirilməsi keşiyində durub və bu sahədə çalışanların əməyinə yüksək qiymət verib. “Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən, öz mənəviyyatını araşdıran, təhlil edən və ümumiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim - onlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəli getməsinə xidmət göstərir”- sözləri həmin qiymətə böyük dövlət adamının hansı dərəcədə həssaslıqla yanaşdığının göstəricisi kimi yadda qalacaq.
      Heydər Əliyevin Azərbaycan dili ilə əlaqədar düşüncələri 70-ci illərdə onun respublikaya rəhbərliyinin ilk onilliyi dövründə təşəkkül tapıb formalaşmışdır. Ümummilli Lider Azərbaycan dilinin layiq olduğu status məsələsinin rəsmiləşdirilməsi istiqamətində atdığı mühüm addımlardan biri SSRİ-də baş vermiş mühüm siyasi hadisələrlə bağlıdır. 1977-ci il oktyabrın 7-də SSRİ-nin yeni Konstitusiyası qəbul edilir. Bu Qanundan doğan tələblər əsasında ölkəmizdə Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Konstitusiya Komissiyası Azərbaycan SSR-nin yeni Konstitusiya layihəsini hazırlayaraq ümumxalq müzakirəsinə çıxardı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və SSRİ-nin ali siyasi rəhbərliyini inandırması nəticəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasında öz əksini tapdı. Konstitusiyanın 73-cü maddəsində göstərilirdi: “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”.
Doğma dilinə münasibətdə bu, atılan addımların davamı idi. Ona qədər respublikamızda ana dilimizin müxtəlif yönlərdən araşdırılması ilə bağlı bir sıra dəyərli elmi tədqiqat işlərinin aparılması sistemli şəkil aldı. Bu siyasət onun ikinci dəfə suveren Azərbaycan Respublikasının rəhbərliyinə gəlişindən sonra daha inamlı davam etdirildi. 
Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən yaradıcı şəkildə davam etdirilir. Onu qeyd etmək kifayətdir ki, cənab Prezident İlham Əliyevin 2004-cü il 27 dekabr tarixli Sərəncamına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunması bu yönümdə atılan əsaslı addımlardan biri idi. Dövlətimizin başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi dilin barometri olan dilçiliyin inkişafı üçün əsas sənədlərdən oldu. 
       Dünyanın ən təcrübəli siyasətçilərindən olan müasir Azərbaycan dövlətçiliyinin memarı mənsub olduğu xalqla qürur duyur, bununla fəxr etdiyini deyir və haqlı olaraq doğma dilinin inkişafı üçün əlindən gələni edirdi. O, haqlı olaraq hesab edirdi ki, hər bir dil öz xalqının dünyagörüşünün, intellektual səviyyəsinin və mənəviyyatının başlıca təzahürüdür.


                                                                      Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 
                                                                       Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi
                                                                          üzrə nümayəndəsi Ruslan Fərzəliyev







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA