sedanews.az
sedanews.az

Prezidentdən siyasi partiyalarla bağlı qadağa

12-01-2023, 11:58 101 dəfə baxılıb



    Azərbaycanda siyasi partiyaların fəaliyyətinin qadağan olunduğu hallar müəyyən edilir.
    Axar.az xəbər verir ki, Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Yeni qanuna əsasən, siyasi partiyaların aşağıdakı məqsədlə təsis edilməsinə və fəaliyyətinə yol verilmir:
- Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi;
- terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği;
- irqi, dini və ya etnik düşmənçiliyin salınması.
- Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilmir.
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq yaratdığı hüquqi şəxsdə, onun və xarici hüquqi şəxsin filialında, nümayəndəliyində siyasi partiyaların təsis edilməsi və fəaliyyəti qadağandır.
- Siyasi partiyaların fəaliyyəti onların üzvlərinin Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələ bilməz.
- Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.
- Siyasi partiyanın qərargahı Azərbaycan Respublikasında yerləşməlidir. Siyasi partiya fəaliyyətini Azərbaycan Respublikasının bütün ərazisində həyata keçirə bilər.
- Siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ yoxdur.
- Siyasi partiyalar öz hüquqlarından sui-istifadə etməməlidirlər.
- Siyasi partiyaya üzv olmaq kişi və qadınlar üçün eyni şərtlərlə mümkün olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.
- Siyasi partiyanın nizamnaməsi həmin partiyanın fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.
- Siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə (siyasi partiya tərəfindən məcburi dövlət ödənişlərinin, cərimələrin, mövcud mülki-hüquqi və əmək müqavilələri üzrə ödənişlərin, fəaliyyəti nəticəsində dəymiş ziyanın ödənilməsi, həmçinin bu Qanunun 8.2-ci maddəsində və 8.7-ci maddəsinin birinci cümləsində müəyyən edilmiş hərəkətlər istisna olmaqla) və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsi, o cümlədən partiya orqanlarının (struktur qurumlarının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsi və ya fəaliyyət göstərməsi, toplantıların keçirilməsi, maliyyə əməliyyatlarının aparılması, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak qadağandır. Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsi, o cümlədən qərarların qəbul edilməsi və ya sənədlərin imzalanması qadağandır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA