Koronavirusa görə sahibkarlara dəstək təklifləri hazırlanır - ŞƏRH
Koronavirusa görə sahibkarlara dəstək təklifləri hazırlanır - ŞƏRH
Nazirlər Kabineti koronavirusun iqtisadiyyata təsirlərinin minimallaşdırılması məqsədilə sahibkarlara dəstək üçün təkliflər hazırladığını bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, məhdudlaşdırıcı tədbirlərin sahibkarlara və eləcə də vətəndaşlara iqtisadi təsirlərinin minimallaşdırılması üçün bu tədbirlərin də paketə daxil olunması məqsədəuyğun olardı:
“Həm sahibkarlar, həm də vətəndaşlar üçün kredit ödənişlərində güzəştin verilməsi məqsədəuyğundur. Doğrudur, iki bank istisna olmaqla, digər banklar özəl qurumlardır. Amma Mərkəzi Bank tərəfindən banklara belə tövsiyə xarakterli müraciət edilə bilər. Bizə olan müraciətlərdə də bəzi vətəndaşlarımız koronavirusa görə gəlirlərinin azaldığını və kredit ödəməkdə çətinlik çəkdiklərini bildirirlər.
Məsələn, Almaniyadan avtomobil idxal etməklə gəlir əldə edən vətəndaşımız artıq maşın satışı ilə məşğul ola bilmir, amma onun ipoteka krediti borcu var. Borcunu ödəməkdə vətəndaş çətinlik çəkir. Bu baxımdan, kommersiya bankları tərəfindən növbəti 3 ay müddətində kredit ödənişlərində zaman güzəştinin verilməsi və yubanmalara görə cərimə və dəbbə pulunun hesablanmasının dayandırılması məqsədə uyğundur. Koronavirus ilə qlobal mübarizənin nəticəsindən asılı olaraq, bu müddətə yenidən baxıla bilər”.
V.Bayramov onu da əlavə edib ki, koronavirus onlayn ticarətin inkişafını daha da aktuallaşdırıb:
“Sosial təcrid tədbirlərinin həyata keçirildiyini nəzərə alsaq, onlayn ticarətin təşviq edilməsi üçün güzəştlərin tətbiq olunması məqsədəuyğun olardı. ABŞ daxil olmaqla, bir sıra inkişaf etmiş ölkələrdə onlayn ticarət satış vergisindən azaddır. Oxşar təcrübə bizdə də tətbiq oluna bilər.
Sahibkarların, xüsusən də rayonlarda çalışan iş adamlarının güzəştli kreditlərə çıxış imkanlarının artırılmasına ehtiyac var. Xüsusən, rayonlarda çalışan sahibkarların girov təklif edərək, güzəştli kreditdən yararlanmaqda çətinlikləri var. Banklar girov üçün paytaxtdan əmlak tələb etdiklərinə görə, onların bu imkandan faydalanmaqda çətinlikləri olur. Bu baxımdan girov mexanizminin təkmilləşdirilməsinə və xüsusən də rayonlarda yaşayan sahibkarlarımız üçün daha güzəştli sistemin formalaşdırılmasına ehtiyac var”.