15 iyun - inkişaf və zəfər yolunun başlanğıc tarixidir
Artıq xalqımız tariximizə qızıl hərflərlə yazılmış 15 iyun – Milli Qurtuluş Gününü fərqli əhval - ruhiyyə ilə qeyd edir. Çünki Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ulu öndər Heydər Əliyevin vəsiyyətini, xalqımızın 30 illik arzularını yerinə yetirib.
Ümummilli lider Heydər Əliyev adını əbədi olaraq öz xalqının, vətəninin tarixinə qızıl hərflərlə yazmış görkəmli dövlət xadimi, böyük azərbaycanlıdır. Zaman keçdikcə, Heydər Əliyev ucalığı, Heydər Əliyev böyüklüyü bizə daha aydın görünür. Azərbaycanı hər zaman müstəqil və bütöv görmək onun ən böyük arzusu idi. Ümummilli lider harada işləməsindən asılı olmayaraq, hansı vəzifə sahibi olmasına baxmayaraq, hər yerdə özünü əsil azərbaycanlı kimi göstərmiş, Azərbaycana rəhbərlik etdiyi illər ərzində bizi bir çox bəlalardan məharətlə keçirmiş və uğurla gələcəyə apara bilmişdir.
Heç də uzaq olmayan 1990-1993-cü illər hər kəsin yaxşı yadındadır. Azərbaycan xalqı uzun illərdən sonra yenidən öz müstəqilliyinə qovuşmuşdur, lakin parçalanma, müstəmləkə təhlükəsi hələ də davam edirdi. Hakimiyyətdə olanlar, dövlətə rəhbərlik edənlər öz çıxışlarında müstəqil dövlətdən, onu möhkəmləndirmək və qorumaqdan danışsalar da, əməldə sözlərini hər an pozurdular. Ölkədə baş verən hadisələr, xaos, vətəndaş müharibəsi, hərc – mərclik yenicə qazandığımız müstəqilliyimizi təhlükəyə atırdı. Gec olmadan Azərbaycanı bu vəziyyətdən xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir bir liderə ehtiyac var idi. Xalq isə ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxs kimi Heydər Əliyevi görürdü. Xalqın təkidlə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini böyük faciələrdən xilas etdi və müstəqil Azərbaycanın inkişafının, gələcəyinin sarsılmaz təməllərini qoydu.
Ulu öndər ölkədə siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başladı. Heydər Əliyev güclü dövlət konsepsiyasını Azərbaycanda reallaşdırmaq üçün bütün sahələrdə islahatlara başladı və qısa zamanda ölkədə dövlətçilik ideyalarının bərqərar olmasına nail oldu.
1991-ci ildən etibarən öz müstəqilliyini bərpa etməsinə baxmayaraq bütün sahələrdə, o cümlədən idarəetmə sahəsində və milli qanunvericiliyin formalaşması istiqamətində işlərin aparılması Ulu öndər Heydər Əliyevin gəlişindən sonra başladı. Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası yaradıldı və konstitutsiya layihəsi 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. Həmin ilin noyabr ayının 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu, bununla da ölkəmizdə milli qanunvericilik və dövlət idarəetmə orqanları sistemi yenidən təşkil olundu.
Möhkəm təməllər üzərində qurulan Azərbaycan 2003-cü ildən özünün inkişaf mərhələsini cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirməyə başladı. Ölkəmiz bu illər ərzində müxtəlif tarixi uğurlara imza atdı. Onun yürütdüyü daxili və xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada qalib, zəfər çalmış dövlət kimi tanınır. Qazandığımız Qarabağ Zəfəri ölkəmizdə olduğu kimi dünyada və regionda da yeni reallıq yaratdı. Zaman keçdikcə bu reallıq daha aydın görünəcək və həm region, həm də dünya ölkələri bundan faydalanacaqdır. Tezliklə işğaldan azad olunmuş ərazilərimizdə həyat yenidən canlanacaqdır. Erməni vandalizminə məruz qalmış ərazilərimizdə yerlə-yeksan edilmiş binalar, zavodlar, tarixi abidələr, sosial infrastruktur artıq mərhələli şəkildə bərpa edilməyə başlayıb. Demək olar ki, hər şey sıfırdan qurulur. Öz doğma yurdlarından didərgin düşmüş sakinlər tezliklə öz evlərinə qayıdacaqdır. Artıq ölkə olaraq tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoymuşuq. Qəbul olunan prioritetlərin reallaşdırılmasına dəstək verərək, həyata keçməsində iştirak edərək xalq olaraq birliyimizi nümayiş etdirməliyik.Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin xalqa və dövlətə sədaqət, layiqli xidmət prinsipi üzərində qurulmuş fəaliyyəti ölkəmizi uğurlu gələcəyə doğru aparır.
Suraxanı rayonu Qaraçuxur
Bələdiyyəsinin üzvü, Hüquq
Məsələləri Daimi Komissiyasının
sədri Eldar Mirzəliyev