sedanews.az
sedanews.az

Zəngəzur dəhlizi Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək

4-07-2022, 09:25 280 dəfə baxılıb

  


  Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb.
İllərdir ölkəmizə qarşı nümayiş etdirilən ədalətsiz mövqe, haqlı ilə haqsıza bərabər yanaşma kimi çirkin ikiüzlü siyasi münasibətlər torpaqlarımızın uzun illər düşmən tapdağında qalmasına rəvac verdi. Lakin dəmir siyasi iradə, dövlət-xalq həmrəyliyi, Prezidentə inam və orduya mənəvi dəstək 44 günlük Vətən müharibəsinin mütləq şəkildə qələbəmizlə yekunlaşmasını təmin etmiş oldu. Otuz ilə yaxın davam edən işğala son qoyuldu, vətən torpaqları işğaldan azad edilərək tarixi ədalət bərpa olundu.
   Ölkəmiz öz ərazi bütövlüyünü bərpa etməklə, BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində tətbiqini gözləyən, tozlanmış məlum qətnamələrinin icrasını reallığa çevirdi. Xalqımızın şərəf, qürur və heysiyyatını alçaltmağa çalışan mənfur düşmən layiq olduğu cavabı artıqlaması ilə aldı, ədalət zəfər çaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə vətən, millət və bayraq sevgisi ilə böyüyən yeni nəsil, döyüşçü ruhlu, rəşadətli Azərbaycan Ordusu düşmən üzərinə şığıyaraq haqqı olanı geri aldı, illərlə düşmən tapdağında inildəyən vətən torpaqlarını canı və qanı bahasına işğaldan azad etdi.
   44 günlük qalibiyyətli Vətən Müharibəsi, sadəcə, 30 ilə yaxın müddətdə işğal altında olmuş ərazilərimizin azad olunması ilə bitmədi, həm də qalib tərəf olaraq, Azərbaycana böyük imkanlar yaratdı. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır.
Azərbaycan Prezident İlham Əliyev bu ilin iyun ayının 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşdiricisi rolunu oynayacağını bildirib. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcəkdir.
Ölkəmizin şanlı qələbəsinin Avrasiyanın geoiqtisadi xəritəsində yaratdığı yeni imkanlar beynəlxalq nəqliyyat sisteminin bütövlükdə yenidən formalaşdırılması reallığını yaradıb. Artıq bir çox Asiya ölkələri bu yeni imkanların fərqindədir. Xüsusilə, Mərkəzi Asiya ölkələrinin yeni bazarlara çıxışında Zəngəzur dəhlizinin iqtisadi önəmi vurğulanmalıdır. Dünya iqtisadiyyatının əsas lokomotivlərindən biri sayılan Çindən gələn yüklərin Mərkəzi Asiya marşrutu ilə daşınması potensialı və eləcə də, Süveyş kanalından keçən dəniz nəqliyyat yoluna alternativ nəqliyyat dəhlizinin formalaşdırılması Azərbaycanın, eləcə də Zəngəzur dəhlizinin vacib nəqliyyat arteriyasına çevrilməsinə şərait yaradır. Elə yaxın dövrə nəzər salsaq, Süveyş kanalında Evergreen gəmisinin qəzaya uğraması gün ərzində qərbə daşınan yüklər üzrə 5.1 milyard və şərqə daşınan yüklər üzrə isə 4.5 milyard olmaqla, ümumilikdə 9.6 milyard dollar zərərə səbəb olub. Ümumilikdə dünya ticarətinin təqribən 12 faizinin bu kanal vasitəsilə həyata keçirildiyini nəzərə alsaq, alternativ nəqliyyat arteriyalarının, o cümlədən Zəngəzur dəhlizi ilə Azərbaycanın Avrasiyanın nəqliyyat infrastrukturunda iqtisadi əhəmiyyətini görə bilərik.
  Cənab Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasındakı çıxışında vurğuladığı kimi: “Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.
   İllərdir dövlət səviyyəsində dəstəklənən və təbliğ edilən faşizm ideologiyası və ifrat torpaq tamahkarlığı ilə qonşu ölkələrə qarşı bitib-tükənməyən ərazi iddialarının ağır nəticəsidir ki, bu gün Ermənistan iqtisadiyyatı hələ də öz tənəzzül dövrünü yaşamaqdadır.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün strateji xətt, həyata keçirilən sistematik siyasi-iqtisadi kurs sayəsində işğalçı Ermənistan bütün mühüm beynəlxalq əhəmiyyətə malik regional layihələrdən kənarda qalmışdır.

Nəzakət Həmzəyeva 
Suraxanı Rayonu Ə.Məmmədov adına 
101 №-li tam orta məktəbin tarix müəllimi 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA