Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova və 44 günlük Vətən Müharibəsinin qazisi Denis Quzlayev. Onların münasibəti Vətən müharibəsindən sonra - Denis yaralanıb xəstəxanada müalicə alarkən başlayıb.
15 iyun tarixi Milli Qurtuluş Günü ilə yanaşı cütlük üçün həyatlarının birləşdiyi günə çevrildi. Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının təşkil etdiyi cütlüyün toy mərasimi keçirildi.
Əvvəlcə mərasimdə Azərbaycanın dövlət himni səsləndirildi. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasimdə Nizami Rayon icra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, YAP Nizami rayon Təşkilatının sədri Ramil Vəlibəyov, Azərbaycan rus İcmasının Nizami rayon şöbəsinin sədri Vitaliy Kovalyov, millət vəkilləri iştirak ediblər. Onlar çıxış edərək ailə quran cütlüyə arzu və istəklərini çatdırıblar.
Toy mərasimi suprizlə də yadda qalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cütlüyə mənzilin açarı təqdim olunub.
Qeyd edək ki, Denis Quzlayev düşmənin atdığı mərmilər nəticəsində üzündən ağır yaralanıb. Milliyətcə rus olan qazimiz müharibə zamanı aldığı xəsarətə görə bir neçə çətin əməliyyat keçirib, hətta 10 gün komada qalıb.
O, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Reginanın atası, Milli Qəhrəman Yuri Kovalyov da Göyçayda rus ailəsində anadan olub. O, 1991-ci ildə Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduğu avtomobilin ermənilər tərəfindən atəşə tutulması nəticəsində şəhid olub. Bakının Şəhidlər xiyabanında dəfn olunub.
REAL TV kollektivi adından ailə quran cütlüyü təbrik edir. Onlara gələcək həyatlarında uğurlar diləyirik!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.