Mart ayının 27- də Vaşinqtonda Azərbaycan xalçalarının sərgisi baş tutub.
Azərbaycan xalçalarının dünyaya tanıdılması məqsədilə xaricdə sərgilərin təşkil edilməsi, xalçaların müasir interpretasiyası, beynəlxalq əlaqələrin qurulması istiqamətində “Azərxalça” ASC-nin növbəti fəaliyyəti Azərbaycan xalçalarının və xalça toxuculuğu ənənələrinin Amerika Birləşmiş Ştatlarında tanıdılması yönündədir. “Azərxalça” ASC və Vaşinqtonda fəaliyyət göstərən Amerika Birləşmiş Ştatları – Azərbaycan Ticarət Palatası arasında əldə olunmuş əməkdaşlıq razılaşmasına əsasən, növbəti il ərzində “Azərxalça” ASC istehsalı əsl əl işi, “Made in Azerbaijan” markalı xalçaların həm Vaşinqton, həm də digər ştatlar ərazisində sərgi və satışının təşkil olunmasına imkan yaradılacaq.
Xalçaların ilk sərgisi 2023-cü ilin mart ayının 27-də Azərbaycan Ticarət Palatası ofisinin qalereyasında baş tutub. Açılışda həm klassik, həm də müasir üslubda olan hər bir xalçanın arxasında dayanan sənətkarlıq, xüsusi bacarıq, məharət və tarix fonunda Azərbaycanın zəngin mədəni irsi hər kəsə təqdim olunub. Sərgidə nümayiş olunmaq üçün ABŞ-a 76 ədəd xalçagöndərilib. Bu siyahıda Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz xalçaçılıq məktəblərinə aid müxtəlif ölçülü yun və ipək xalçalar öz yerini alıb. Sərgi iştirakçılarına, eləcə də xalça satın almaq istəyənlərə yalnız ənənəvi üslubda və rənglərdə deyil, modern dizaynlı, müasir interyerə daha uyğun, çağdaş zövqə xitab edən pastel rəngli xalçalar da təqdim olunur.
“Azərxalça” ASC Azərbaycanda say etibarı ilə işçilərinin böyük hissəsinin qadınlar təşkil edən, regionlarda qadınları ən çox işlə təmin edən qurumlardan biridir. Cəmiyyətin ana məqsədlərindən biri də məhz region qadınlarının inkişafına dəstək, onların işlə təmin olunması, sosiallaşması və fərd kimi cəmiyyətin yararlı bir hissəsinə çevirilməsinə dəstək olmaqdan ibarətdir. Bu məqsədlə “Azərxalça” ASC emalatxanalarındakı tədris mərkəzlərində həmin emalatxanaların peşəkar kadrları tərəfindən yeni toxucuların hazırlanması, ixtisaslarının artırılması və unudulmuş texnologiyaların toxuculara öyrədilməsi prosesini mütəmadi olaraq həyata keçirir.
Xaricdə təşkil olunan sərgilərdə hər zaman xalçalarla yanaşı, onları toxuyan Azərbaycan qadını, regionlarda yaşayan toxucuların zəhməti də geniş şəkildə təqdim olunur.
Xatırladaq ki, 27 martda təşkil olunmuş “Azərbaycan xalçaları” sərgisini nəzərə alaraq, kənd qadınlarının səlahiyyətlərinin artırılması məqsədi ilə ABŞ-ın paytaxtı Vaşiqtonda elan olunan “Qadın tarixi ayı” çərçivəsində şəhər meri Mayor Bouzer 27-31 mart tarixlərini “Azərbaycan kənd qadınlarının gücləndirilməsi və səlahiyyətlərin artırılması həftəsi” elan edib.
Sərginin açılışında giriş sözü ilə USACC-nin icraçı direktoru Natiq Baxışov çıxış edib. USA. Sərginin xüsusi qonağı, “Azərxalça” ASC-nin baş direktoru Emin Məmmədov da çıxışçılar arasında olub.
Sərgi zamanı faktı təsdiq edən sənəd rəsmi şəkildə “Azərxalça” ASC-ni sərgidə təmsil edən nümayəndələrə təqdim olunub. Sənədi həm Azərbaycan milli-mənəvi sərvətinin dünyada tanıdılması, həm də “Azərxalça” ASC-nin qazandığı növbəti uğurun göstəricisi kimi qəbul edən nümayəndəlik göstərilən etimad üçün təşəkkür edib.
Bir il ərzində ABŞ-ın digər ştatlarında da təşkil olunacaq sərgilərdə xalçalarla yanaşı, Azərbaycan qadını, xalçaçılarımız və onların əl işləri haqqında sərgiyə baş çəkəcək hər kəsə geniş məlumatlar və müxtəlif video roliklər təqdim olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.