Yoluxma artır: karantin sərtləşdirilə bilər
Qayda və tövsiyələrə ciddi şəkildə əməl edilməsə, ölkəmizdə karantin qaydaları daha da sərtləşdirilə, hətta qapanmalara belə gedilə bilər. Bununla bağlı gələcəkdə veriləcək qərarlar vətəndaşların birbaşa məsuliyyətindən asılıdır. Bunu ''Xəzər Xəbər''ə açıqlamasında Milli Məclisin Səhiyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.
Onun sözlərinə görə, ölkəmizdə də aşkar edilən koronavirusun Omikron ştammına dünyanın əksər ölkələrində yoluxanaların sayı gündən-günə artır.
Millət vəkili qeyd edib ki, hazırkı vəziyyətdə vaxtında görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə vəziyyət qənaətbəxşdir. Buna səbəb vətəndaşların vaxtında peyvənd olunmaları və pandemiya qaydalara əməl etmələridir.
Deputat vurğulayıb ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyona yaxınlaşır. Gücləndirici buster doza qəbul edənlərin sayı 1,7 milyonu keçir.
Məlahət İbrahimqızı bildirib ki, pandemiyanın başlamasından dərhal sonra Azərbaycanda görülən tədbirlər öz nəticəsini verir.
Onun sözlərinə görə, ölkəmizdə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur:
“Aktiv daşıyıcılar olan xəstələr üçün ümumilikdə 10 min çarpayı ayrılıb və hazırda onlardan cəmi 10 faizi doludur. Bundan əlavə, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub”.
Axar.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.