Azərbaycan-Pakistan Birgə Komissiyasının yekun iclası olub
Bu gün Azərbaycan-Pakistan Birgə Komissiyasının yekun iclası baş tutub. Açılış nitqi ilə çıxış edən müdafiə sənayesi naziri Mədət Quliyev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davam etdirdiyi xalqlarımız və dövlətlərimiz arasındakı əlaqələrdən bəhs edib, dövlət başçımızın Pakistanın Prezidenti Arif Alvi və baş naziri İmran Xan ilə şəxsi dostluq və qardaşlıq münasibətlərinin dövlətlərimiz arasındakı birliyin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynadığını qeyd edib.
REAL xəbər veir ki, nazir 44 günlük Vətən müharibəsi dövründə Pakistanın Azərbaycanın ədalətli mövqeyinə verdiyi davamlı siyasi-mənəvi dəstəyə və qardaş mövqeyinə görə bir daha minnətdarlığını bildirərək, Azərbaycan xalqının bunu yüksək qiymətləndirdiyini vurğulayıb.
Ticarət, enerji, nəqliyyat, turizm, təhsil və hərbi-texniki sahələr də daxil olmaqla əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndirilməsinin əhəmiyyətini vurğulayan nazir ölkələrimizin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədiklərini xüsusi qeyd edib.
Xoş qəbula və qonaqpərvərliyə görə nazirə minnətdarlığını bildirən xanım Zobaida Cəlal Pakistan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə söykəndiyini vurğulayaraq bu münasibətlərin əbədi və sarsılmaz olacağından əminliyini ifadə edib. Qonaq Azərbaycan-Pakistan Birgə Komissiyasının iclasının da əlaqələrimizin genişləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib. O, səfərdən məmnunluğunu bildirərək Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının 7-ci iclasının əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verəcəyini söyləyib.
Sonda Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının 7-ci iclasının yekununa dair Protokol imzalanıb.
Xatırladaq ki, Pakistanın müdafiə istehsalı naziri Zobaida Calalın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 29-dan dekabrın 3-dək Azərbaycan-Pakistan Birgə Komissiyasının 7-ci iclası ilə əlaqədar ölkəmizdə rəsmi səfərdədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.