sedanews.az
sedanews.az

Heydər Əliyev müasir və müstəqil Azərbaycanın qurucusudur

20-06-2022, 11:19 314 dəfə baxılıb

    Azərbaycan tarixinin şanlı səhifələrinə adını qızıl hərflərlə yazan şəxsiyyətlər çoxdur. Məhz Heydər Əlirza oğlu Əliyev də elə tarixi şəxsiyyətlərdəndir ki, illər keçsə də, hər zaman onun zəngin irsi, misilsiz xidmətləri öyrənilir, araşdırılır, diqqət mərkəzində saxlanılır.
Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan SSRİ-də hakimiyyətdə olduğu dövrdə dövlət quruculuğu, iqtisadiyyat, elm, mədəniyyət sahəsində böyük islahatlar həyata keçirmişdi. Buna görə də xalqın sevimli liderinə çevrilmiş, böyük rəğbət qazanmışdı.
XX əsrin son rübü Azərbaycanda vəziyyət gərginləşmişdi. Bir tərəfdən separatçı qüvvələr ölkəni öz içindən parçalamış, vətəndaş müharibəsi yaratmış, digər tərəfdən Dağlıq Qarabağ uğrunda Ermənistan-Azərbaycan müharibəsi baş qaldırmışdı. O zamankı hakimiyyət bu çətinliklər qarşısında aciz qalmış, ölkəni ağır durumdan xilas edə bilməmişdi. 1993-cü ilin may-iyun aylarında baş verən vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi Azərbaycan xalqınının bir olaraq Heydər Əliyevi hakimiyyətə çağırması ilə nəticələndi. Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Onun hakimiyyətə qayıdışını xalq “Qurtuluş günü” olaraq bayram etdi, böyük sevinclə qarşıladı. 24 iyun parlamentin tarixi iclasında Heydər Əliyev çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm”.
    Heydər Əliyev 1993-cü ilin iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə mühüm qərarlar qəbul etmişdi. 1993-cü il iyunun 24-dən başlayaraq Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başladı. Heydər Əliyev bu dövrdə qanunsuz silahlı dəstələri, separatçı qüvvələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görür, tez-tez xalqa müraciət edərək xalqın döyüş əzmini qaldırmağa çalışırdı. O, Azərbaycan gəncliyinə müraciət etdi, Vətənimizin təhlükədə olduğunu izah edərək millətin, dövlətin gənclərə güvəndiyini bildirdi. Bu çağırışdan ruhlanan minlərlə gəncimiz silaha sarılıb müharibəyə yola düşdü. Hərbi məhkəmə sistemində çalışan təcrübəli hakimlərdən biri deyirdi ki, Heydər Əliyevin ordu quruculuğunda qısa zamanda həyata keçirdiyi islahatlar kütləvi cinayət hallarının, xüsusən də fərarilik kimi qatı cinayətin qarşısını aldı. Məhz dövlət başçısının təşəbbüsü ilə Milli Məclis bir neçə dəfə Amnistiya aktı qəbul etdi və minlərlə gənc həbsxanadan azadlığa qovuşdu, Qarabağ müharibəsinə yollandı və vətəni üçün son ana qədər vuruşdu. Parlamentdəki qətiyyətli çıxışları, qiymətli fikirləri, dəlil-sübutları ona qarşı rəğbəti daha da artırmışdı. Gəncədəki qırğınlar dayandırılmış, qondarma Talış-Muğan Respublikası ləğv edilmiş, şimaldakı separatçı qüvvələrlə danışıqlar aparılmış, ölkənin parçalanmasının qarşısı alınmışdı. Bunlarla yanaşı, Şəhid ailələrinə güzəştlər edilmiş, kütləvi yardım tədbirləri həyata keçirilmişdi. Oktyabrın 3-ü keçirilən prezident seçkilərində xalq 98,8 faiz səslə Heydər Əliyevə səs verərək onu prezident seçmişdi. Bu isə sübut edirdi ki, Ali Sovetdə prezident vəzifəsinin ona həvalə olunduğu çətin bir zamanda, Heydər Əliyev 4 ay müddətincə vətənin dar anında layiqli bir övlad kimi vətəndaşlıq borcunu yerinə yetirmiş, xalqın ümidlərini doğrultmuş və sevgisini qazanmışdı.
Heydər Əliyevin istər 1993-1998-ci illər, istərsə də 1998-2003-cü illərdə  prezident olduğu dövrlərdə həyata keçirilən geniş islahatlar Azərbaycanı dünyada tanıtmış, beynəlxalq qurumlarda və təşkilatlarda ölkəmiz də yer almış, xalqın güzəranı yaxşılaşmış, müstəqilliyimizin qorunması uğrunda atılan addımlar daha da möhkəmlənmişdi. O, yalnız sözdə deyil, əməllərində də müstəqilliyimizin dönməz, sarsılmaz, əbədi olduğunu sübut etmişdi.
   Heydər Əliyev siyasi kursunun davamçısı olan İlham Əliyevin hakimiyyətə gəlişi ilə tariximizdə yeni parlaq səhifə açıldı. Azərbaycanın idman, iqtisadi, mədəni, sosial, siyasi, hərbi sahələrdə nailiyyətləri artdı. 2016-cı il Böyük Zəfərin başlanğıcı olan Aprel döyüşləri, 2018-ci il Günnüt əməliyyatı, 2020-ci 44 günlük Vətən müharibəsi zamanı Ali baş komandan İlham Əliyevin əmri ilə işğal altında olan torpaqlarımızın azad edilməsi, 30 illik həsrətə son qoyulması, üçrəngli bayrağımızın fəxarətlə dalğalanması hər bir azərbaycanlının qürur mənbəyi oldu. Ümummilli liderin təməlini qoyduğu müstəqil Azərbaycan Respublikası XXl əsr İlham Əliyev siyasəti ilə yüksək zirvələr fəth etdi. Prezidentin atdığı böyük addımlar, həyata keçirtdiyi layihələr, qazandığı uğurlar gələcəkdə daha böyük nailliyyətlərdən xəbər verir. Heydər Əliyevin də dediyi kimi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Vətəni qorumaq üçün gərək nəbzin də vətənin nəbzi ilə birgə vursun”. Həqiqətən də, ürəyimizdə vətən eşqi, arxamızda belə rəşadətli ordu, qarşımızda böyük lider olduqca heç kəs bu ölkəyə, bu xalqa, bu millətə bata bilməz!

Məmmədova Aytən
Suraxanı rayonu, 84 nömrəli 
tam orta məktəbin tarix müəllimi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA