"Ümidvaram ki, gələcəkdə bu məktəbdən Heydər Əliyev kimi şəxsiyyətlər çıxacaq".
REAL xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində deyib.
Dövlət başçısı bildirib ki, Heydər Əliyevin çox zəngin siyasi və dövlətçilik təcrübəsi, xalqın mənafeyinin müdafiəsində qətiyyəti və prinsipiallığı, müdrikliyi və yüksək insani keyfiyyətləri haqlı olaraq ona Azərbaycanın hüdudlarından kənarda da hörmət qazandırıb.
S.Japarov ümidvar olduğunu bildirib ki, gələcəkdə bu məktəbdən Heydər Əliyev kimi şəxsiyyətlər çıxacaq: “Heç bir şübhə yoxdur ki, bizim gənc soydaşlarımız qardaş xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəm körpüsünə çevriləcəklər”.
Qırğızıstan Prezidenti Gənclərə gözəl təhsil, tərbiyə almağı, gərəkli olmağı, Qırğızıstan və Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi işinə öz töhfələrini verməyi arzulayaraq Heydər Əliyevin bu sözlərini xatırladıb: “Bizim cəmiyyətin gələcək tərəqqisi bu gün bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən çox asılı olacaq”.
S.Japarov əminliklə deyib ki, bu gözəl məktəbin divarları arasında uşaqlar keyfiyyətli təhsil, vətənpərvər və işinin peşəkarı kimi tərbiyə alacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.