sedanews.az
sedanews.az

Fransanın “məzlum erməni”yə yardım istəyi - Cənubi Qafqaza soxulmaq cəhdi - ŞƏRH + FOTO

21-10-2022, 14:35 335 dəfə baxılıb


   Fransa tarixində cinayətlərlə dolu səhifələr çoxdur. Baxmayaraq ki, bu ölkənin insanlığa xidmət etmiş çox böyük dahiləri olub, beynəlxalq münaqişələrin həllində başlıca hakim rolunu oynamaq istəyən rəsmi Paris ölkə tarixində törədilən silsilə cinayətlərdən nəticə çıxarmayıb. Fransa haqqa-ədalətə qarşı davranış və çıxışları ilə ölkənin müasir tarixində yeni cinayətlərin müəllifinə çevrilir.
Şimali Afrika xalqlarının 2 əsrlik iniltisi
Fransa Şimali Afrika üzərində imperialist maraqlarını XVII əsrdən həyata keçirməyə başlayıb. Bu zaman milyonlarla insanı qətlə yetirib, minlərlə kənd və başqa yaşayış məntəqələrini xarabalığa çevirib.
   Tarixi məlumatlara görə, Fransa Əlcəzairdə XVII əsrdən XIX əsrin 30-cu illərinədək 4 milyon nəfərdən çox, 1890-cı ildə isə 2 milyon 500 min insanı qətlə yetirib. Onlar yerli sakinləri ərəb kimliyindən və İslamdan imtina edərək Fransa təbəəliyini qəbul etməyə məcbur edirdilər. Bu şərti qəbul etməyənlər qətlə yetirilirdi. Xalqa ana dilində danışmaq, yazmaq, adət-ənənələrini təbliğ etmək qadağan edilmişdi. Silah gəzdirən, siyasi xarakterli söhbət, toplantı keçirmək istəyənlər yerindəcə güllələnirdi.
Fransa bir əsrdən artıq müddətdə Əlcəzairdə hər gün yüzlərlə insanı qətlə yetirməklə ən qəddar dövlətlərdən biri olaraq dünya tarixində yer tutub.
Əlcəzairdə fransız müstəmləkəçiliyinə qarşı Əmir Əbdülqadirin başçılığı altında 1834-cü ilin yayında kütləvi müqavimət hərəkatı başlayıb. İşğalçı tərəf müqaviməti yatırmaq üçün Fransız Şimalı Afrika Komandanlığı quraraq fransızların 1847-ci ilə qədər ölkəyə hakim olmasına imkan vermədi və ən alçaq metodlara əl atdı. Ölkədə mədəni ekspansiya siyasəti başladı. Müqaviməti qırmaq üçün hərbi metodlarla yanaşı, siyasi, dini, mədəni və iqtisadi təzyiqlər başlandı. Xalqın müsəlman və ərəb kimliyini məhv etmək üçün ibadət etmək yasaqlandı, yalnız fransız dilində danışmaq mümkün idi. Xristianlığın təbliğ olunması üçün Fransadan minlərlə rahib və rahibələr gətirildi, kilsələrə geniş imtiyazlar verildi. Ən münbit torpaqlar yerli sakinlərin əlindən alınıb avropalılara verildi və s.
   19-cu əsrdə başlayan qətllər İkinci dünya müharibəsi başa çatandan sonra da davam etdirilib. Fransa KİV-in yazdığına görə, 1945-c ildə Fransa qoşunları Əlcəzairin Setif və Guelma qəsəbələrində 45 mindən çox günahsız insanları qanına qəltan edib.
2005-ci ildə Əlcəzair Fransadan koloniya dövründə həyata keçirdiyi soyqırımlara görə üzr istəməsini tələb etdi. Rəsmi Paris isə bunun qarşılığında son üç əsrdə törətdiyi soyqırımlarla bağlı arxiv sənədlərini gizlicə məhv edib.
  Təkcə Əlcəzairdə törətdikləri Fransanın böyük deyil, cılız və cinayətkar dövlət olduğunu təsdiqləyir.
Bəzi mənbələrin bildirdiyi kimi təxminən 140 il ərzində Əlcəzair xalqının apardığı mübarizədə 1 milyon 500 min Əlcəzairlinin qətli faktını isə Fransa hakimiyyəti məhv edə bilməyib.
Afrikanın Benin ölkəsində Fransa qul ticarəti ilə məşğul olub. Bu gün insan hüquqları və humanizmdən danışan bu ölkə ən ağır cinayət sayılan insan alveri ilə məşğul olmaqla insanlığın üz qarası olub.
  Benin və Afrikanın başqa dövlətlərində qul alveri ilə qazanılan pullarla qurulub və ömür sürüb Fransa dövləti. Bu dövlətin mayasında insanların göz yaşı, milyonlarla insanın qanı yatır. Onun mayası afrikalı qulun ağrı acısı ilə yoğrulub.
Fransa Afrikanın daha bir ölkəsi Burkino-Fasoda 20-ci əsrin ortalarınadək qətllər törədib, talanları davam etdirib.
   Ruandada 1994-cü il aprelin 7-də 800 mindən çox insanın tökülən qanının baislərindən biri də Fransadır. O, Ruandada xuntanı müdafiə edərək azadlıq uğrunda mübarizə aparanları soyqırıma məruz qoyub. Rəsmi sənədlərdə Fransanın bu Afrika ölkəsində törənən soyqırıma görə məsuliyyət daşıması təsdiqlənib.
Rəsmi Paris indiyədək bu cinayətə görə də soyqırıma məruz qoyduğu tutsilərdən üzr istəməyib. Fransa Prezidenti Emmanul Makrona ölkəsinin Ruandada törətdiyi cinayətlərlə bağlı sənədlər təqdim olunub. Həmin hesabatda Fransanın məsuliyyət daşıdığı vurğulanıb. Fransa Prezidenti Fransua Mitteranın, xarici işlər naziri Alen Jüppenin adları çəkilən sənədlərdə ölkəni Ruanda qətllərində iştirakını təsdiqləyən faktlar mövcuddur.
  Fransa “sülhməramlılarının” Malidə qanuni hakimiyyətə qarşı fəaliyyətini də qeyd etmək yerinə düşər. Bu dövlətin hərbi qüvvələrinin və hakimiyyətinin etdiyi cinayətləri bu gün Malidə “sülhməramlıları” təkrarlayır. Bu ölkənin rəhbərliyi Fransa sülhməramlılarının qiyamçıları və terrorçuları dəstəklməkdə ittiham edir.
Fransanın Vyetnam və Hindi-Çin ölkələrində törətdikləri saysız cinayətləri də tarixin yaddaşından silinməyib.

   Birinci Dünya müharibəsi və ondan sonra Fransanın törətdiyi soyqırımlar cəzasız qaldığından o, müstəqillik uğrunda mübarizə aparan Afrika ölkələrində də nahaq qanlar tökərək, cinayətlərini davam etdirib.
   Türkofobiyadan doğan soyqırımı, düşmənçilik siyasəti
Fransa hakimiyyəti 200 illik xislətini dəyişməyib. Ötən illərdə bu ölkədə baş vermiş demokratik hadisələr onun türk millətinə qarşı nifrətinə təsir etməyib. Fransa Türkiyə və Azərbaycana qarşı həmişə erməni etnik qrupunun nümayəndələrindən istifadə edib.
Tarixin çox dərinliyinə getmədən son yüz ildə bu dövlətin və ya yarımçıq imperiyanın törətdiyi bəzi cinayətləri yada salmaqla onun heç bir zaman ədalətli olmadığını göstərmək olar.
Fransa ilə erməniləri, erməniliyi və Ermənistanı birləşdirən başlıca amil türk millətinə, onun dövlətinə düşmənçiliyidir.
Birinci Dünya Müharibəsindən sonra Fransa erməni legionu ilə birlikdə Osmanlı dövlətinin tamamilə məhv olmasına çalışırdı.
1918-ci ilin martında fransalı general Manşimonun başçılıq etdiyi silahlı dəstə Güney Azərbaycanın Urmiya, Salmas, Xoy şəhərlərində, Quşuçu və Cilovluq yaşayış məntəqələrində, Muğan regionunda müsəlmanları və Azərbaycan türklərini soyqırımına məruz qoyub. Elə həmin əsrin sonlarında da Cənubi Qafqazda Ermənistana yardım etməklə Azərbaycan Respublikası torpaqlarının 30 il işğal altında qalmasına yardım edib.
    Fransanın Milli parlamenti 1998-ci il mayın 29-da saxta “erməni soyqırımı”nı tanınması haqqında qanun layihəsini təsdiqləyib. Senat 2000-ci il noyabrın 7-də isə bu qondarma məsələ ilə bağlı qətnaməyə səs verib. 2011-ci dekabrın 22-də isə Fransanın Aşağı Palatası “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanun layihəsini qəbul edib. Parlament ermənilərin bu qondarma tarixini Holokosta bərabər tutmaqla faşistlərin soyqırımına məruz qoyduğu yəhudilərin faciəsinə hörmətsizlik nümayiş etdirib. Çünki faşistlərin yəhudilərə etdiyi zülmə dair çoxsaylı tarixi faktlar mövcuddur. Ancaq ermənilərin iddiası ilə bağlı tarixin araşdırılmasına Fransa da Ermənistan kimi laqeyd baxır. Fransa bu addımı ilə yəhudi soyqırımına qarşı da çıxır.
Fransa hakimiyyəti, senatı müstəqilliyini bərpa edəndən Azərbaycana qarşı çıxışı ilə 20-ci əsrin əvvəllərində törətdiklərini təkrarlamağa çalışıb. Düzdür, indi onun hərbçisini Azərbaycana və Türkiyəyə yerləşdirməyə gücü çatmır. Ancaq etnik qrup, azlıq sayılan ermənilərdən Şuşa Bəyannaməsini imzalamış iki dövlətə qarşı alət kimi istifadə edir.
Abırsızın vasitəçilik xülyaları
Ölkəsinin son 200 ildə törətdiyi və törətməkdə davam etdiyi çoxsaylı cinayətlərdən nəticə çıxarmayan indiki Prezident Emmanuel Makron ötən əsrin əvvəllərində oynadıqları anti-Türkiyə və anti-Azərbaycan rolunu davam etdirir, Afrikada revanşizmlə məşğul olurlar.
O, bu yaxınlarda “France2” telekanalına müsahibəsində Azərbaycanın və Türkiyənin ünvanına yalanlar danışıb və iddia edib ki, guya Rusiya Azərbaycanın xeyrinə fəaliyyət göstərib. Ancaq Azərbaycan torpaqlarını Ermənistanın 30 il işğal altında saxlaması, 44 günlük müharibə zamanı Fransa və Rusiyanın eyni şəkildə ermənilərə yardım etməsi kimi faktlar Yelisey sarayı liderinin yalan danışdığını və saxtakarlıq etdiyini isbatlayır. Rusiya Ermənistanın üzərindən əlini çəksə idi, bu ölkədə indiyə bir erməni də qalmamışdı. Ermənistanın iqtisadiyyatı bütövlükdə Rusiya tərəfindən idarə edilir. Ermənilər Rusiyaya möhtacdır. Son 30 ildə Fransa yoxsa. Rusiya Ermənistana himayədarlıq edib. Rusiya ermənilərlə bir yerdə Ermənistandan azərbaycanlıların qovulmasında, Qarabağ və ətraf rayonların işğalında iştirak edib. Xocalı soyqırımının törədənlərdən olan 366-cı motoatıcı alay da Rusiyaya məxsusdur. Rusiya indi də sülhməramlılarını Azərbaycanın Xankəndi bölgəsində yerləşdirməklə Ermənistanı, erməniləri müdafiə edir və s.   
   Fransa hakimiyyəti və Prezident Makron isə yalnız su bulandırıb, Avropa İttifaqı Şurasının Ermənistanla Azərbaycan arasında vasitəçiliyin üzərinə kölgə salmaqla məşğuldur. Fransa ATƏT-in keçmiş Minsk qrurupunun həmsədri kimi özünü 30 il boyu ifşa edib. Onun erməniləri müdafiə etdiyi kimsəyə sirr deyil. Rəsmi Paris saxtakarlıq və avantüra ilə məşğul olan rəsmi İrəvanın himayəçisi rolunda çıxış edir. Ola bilsin bu onların biznesidir. Çünki Fransadakı erməni lobbisinin maliyyə vəsaiti az deyil.
Tarixi qanlı cinayətlərə dolu olan, sülhməramlıları terrorçuları himayə edən Fransa hakimiyyətinin Azərbaycanla Ermənistan arasında normallaşdırma prosesinə vasitəçilik etməsi mümkün deyil. Dünyada aparıcı dövlətlərdən biri kimi nüfuzdan düşən Fransa münaqişələrin həllində tərəfə çevrilib - bu, Malidə də, Azərbaycanla Ermənistan arasında normallaşdırma prosesində də belədir. Fransa regiona soxulmaq, beynəlxalq arenada itən nüfuzunu bərpa etmək üçün Ermənistandan alət olaraq istifadə etməyə səy göstərir.
Rəsmi Paris Rusiya ilə Ukrayna müharibəsində də müttəfiqləri kimi birmənalı mövqe tutmaqda çətinlik çəkir. Rusiyanın sərvətlərindən əl çəkə bilməyən Fransa siyasi və beynəlxalq aləmdə nüfuzunu qorumaq üçün özünü Ukraynanın müdafiəçisi kimi göstərməyə çalışır. Bu qarışıq vəziyyəti Fransanın daha gülünc vəziyyətə qoyur. Emmanuel Makron Rusiya prezidenti Valdimir Putinlə telefon danışığını dayandırmayacağını deməklə bunu təsdiqləyir.
Azərbaycan Prezidenti İlham Əliyev Fransanın və şəxsən Emmanuel Makronun açıq ermənipərəst, qərəzli mövqeyinə Astanada MDB Dövlət başçıları Şurasının zirvə toplantısındakı çıxışında cavab verdi: “Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik”.

Dövlət başçısı Fransanın Azərbaycan-Ermənistan münasibətlərin normallaşmasında hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmədiyinin vurğulamaqla Emmanuel Makrona və Fransada onun kimi düşünən rəsmilərə yerlərini göstərdi.
Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi də bu ölkənin vasitəçiliyə haqqının çatmadığını təsdiqləyir.
Azərbaycana və Türkiyəyə qarşı Fransa Prezidenti, Senatı, Xarici İşlər Nazirliyi, ayrı-ayrı vəzifəli şəxslərin ermənipərəst və anti-Azərbaycan açıqlamaları, bəyanatları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasını mümkünsüz edir.
Sentyabrın 18-də Azərbaycanın Fransadakı səfirliyinin binasına erməni qrupları tərəfindən hücum edildi. Hakimiyyət səfirliyinin təhlükəsizliyinin gücləndirməyə söz versə də bu addımı atmadı. Bu isə rəsmi Parisin həm də Azərbaycana qarşı terror fəaliyyətləri dəstəklədiyinin göstəricisidir.
Son iki il Cənubi Qafqazda baş verənlər sübut etdi ki, dövlət başçısı Azərbaycanla təzyiq və təhdid dilində danışılmasına heç vaxt yol verməyəcək. Bu Azərbaycanın milli maraqlarının həmişə etibarlı müdafiə edildiyinin əyani göstəricisidir.
Daim zor, güc, qan tökməklə müstəmləkələri əlində saxlamış cinayətkar Fransa tarixi cinayətlərini “məzlum və kimsəsiz erməni”ni müdafiə etməklə ört-basdır edir. O bu vasitə ilə Rusiyanın Cənubi Qafqazdan, xüsusilə Ermənistandan sıxışdırılmasına nail olmağa səy göstərir. Yeni əraziləri nüfuz dairəsinə almağa çalışır. Əlcəzair və Tunisdə soyqırımlar, Vyetnamda hərbi cinayətlər törətmiş, hazırda sülhməramlıları ilə Malidə iğtişaşlar yaradan Fransa beynəlxalq vasitəçi olmaq kimi xoşməramlı missiyanın daşıyıcısı rolunda çıxış edə bilməz. Bunun üçün onun ilk növbədə keçmiş cinayətlərinə, törətdiyi soyqırıma görə beynəlxalq ictimaiyyətdən və həmin xalqlardan üzr istəməsi vacibdir. Ancaq üzr istəmək tərbiyəli və ədalətli tərəfin ata biləcəyi addımdır...
“Report” İnformasiya Agentliyi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA