sedanews.az
sedanews.az

Yeni Azərbaycan Partiyasının beynəlxalq nüfuzu artır, xarici əlaqələri genişlənir

9-03-2022, 11:41 357 dəfə baxılıb




Yeni Azərbaycan Partiyasının inkişafında yeni mərhələnin başlanğıcını qoyan partiyanın 2021-ci il 5 mart tarixli VII qurultayından ötən dövr ərzində YAP-ın bütün fəaliyyət istiqamətlərində olduğu kimi, beynəlxalq əlaqələrində də canlanma, sürətli inkişaf müşahidə olunur.
İlk növbədə qeyd olunmalıdır ki, VII qurultay Azərbaycanın özünün yeni tarixi inkişaf mərhələsinə daxil olduğu bir dövrdə baş tutmuşdur. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycan bu illər ərzində güclü iqtisadiyyata, orduya malik olan rifah dövlətinə çevrilmiş, regionda və dünyada etibarlı tərəfdaş, müasir, inkişaf edən, multikultural ölkə kimi tanınmışdır.
2020-ci ildə 44 günlük Vətən müharibəsinin yekununda Azərbaycanın əldə etdiyi möhtəşəm Qarabağ zəfərinin bölgədə yaratdığı yeni reallıqlar ölkəmizin regionun lideri statusunu təsdiqlədi və möhkəmləndirdi. İqtisadi və siyasi müstəqilliyini gündən-günə gücləndirən Azərbaycanın xarici tərəfdaşlarının sayı da durmadan artır, ən aktual, qlobal əhəmiyyət daşıyan problemlər, məsələlərlə bağlı ölkəmizin, onun rəhbərliyinin mövqeyi aparıcı dövlətlərin və beynəlxalq təşkilatların marağına səbəb olur.
Təbii ki, bu amillər ölkənin xarici siyasətinin davamı xarakteri daşıyan YAP-ın beynəlxalq əlaqələrinin möhkəmlənməsinə də öz müsbət təsirini göstərir. Partiyanın VII qurultayında qəbul olunan struktur dəyişiklikləri, yeni Nizamnamə və YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş partiyanın yeni Proqramı Azərbaycanın aparıcı siyasi qüvvəsi olan YAP-ın yeni daxili və xarici stuasiyaya uyğunlaşması, zamanla ayaqlaşması baxımından olduqca mühüm addımlar olmuşdur.
Azərbaycanda olduğu kimi, beynəlxalq səviyyədə də xeyirxahlıq, humanizm simvolu,tərənnümçüsü kimi tanınan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qurultaydan sonra partiya sədrinin birinci müavini təyin olunması YAP-ın beynəlxalq nüfuzuna və imicinə müsbət təsir göstərmişdir.
Həmçinin, partiyanın xarici əlaqələrinin genişləndirilməsi yönündə mühüm səfərlər, tədbirlər baş tutmuş, sənədlər imzalanmışdır. Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci il iyun ayının 2-də imzalanmış əməkdaşlıq protokolu ilə yeni mərhələyə qədəm qoydu. Hər iki partiyanın birgə təşkilatçılığı ilə ötən il əyani və videoformatda konfranslar keçirilmiş, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutmuşdur. Partiya liderləri arasında olan dostluq münasibətləri AK Parti və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında, digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir. 
Bundan əlavə, 2021-ci il dekabrın 3-də Kiyev şəhərində Yeni Azərbaycan Partiyası ilə Ukraynanın hakim “Xalqın Xidmətçisi” Partiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Ötən il YAP Çin Kommunist Partiyasının videoformatda təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak etmiş, həmçinin, oktyabrın 29-da iki partiya arasında videoformatda keçirilmiş görüş zamanı əməkdaşlığın yeni perspektivləri müzakirə olunmuşdur. 2021-ci il 29 noyabr – 01 dekabr tarixlərində YAP nümayəndə heyəti Qazaxıstanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirdə iştirak etmişdir. Eyni zamanda, YAP-ın Rusiya, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos və Kambocanın da  hakim partiyaları ilə əlaqələri mövcuddur. 
YAP Asiya regionunda  350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin, dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir.
İstər ikitərəfli müasibətlərdə, istərsə də iştirak etdiyi beynəlxalq tədbirlərdə YAP mütəmadi olaraq Azərbaycan həqiqətlərini, Qarabağın dirçəldilməsi yönündə görülən işləri təbliğ edir, hərtərəfli, dayanıqlı inkişaf, multikulturalizm, gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılması, COVİD-19 pandemiyası və onun sosial-iqtisadi nəticələri ilə uğurlu mübarizə, ətraf mühitin qorunması, yaşıl enerjiyə keçid və digər aktual mövzularda ölkəmizin təcrübəsini bölüşür.
Beləliklə, beynəlxalq nüfuzu artan, xarici əlaqələri genişlənən Yeni Azərbaycan Partiyası ölkəmizin milli maraqlarının müdafiə və təmin olunmasına öz töhfələrini verməkdədir.

Hülya Məmmədli
Politoloq






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA