sedanews.az
sedanews.az

Pandemiyadan sonra şirkətlər böhrandan necə çıxmalıdır? - Türkiyəli ekspertlə MÜSAHİBƏ + FOTO

15-07-2021, 15:42 344 dəfə baxılıb

Pandemiyadan sonra şirkətlər böhrandan necə çıxmalıdır? - Türkiyəli ekspertlə MÜSAHİBƏ + FOTO


2019-cu ilin dekabr ayından Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirus dünyanı təşvişə saldı. Əfsuslar olsun ki, sürətlə yayılan bu xəstəlik Azərbaycandan da yan keçmədi və COVID-19-a yoluxma halları qeydə alındı.
Bu dönəmdə bir çox sahələrdə ləngimələr oldu. Bəs pandemiya dönəmi rəqəmsal marketinqə necə təsir edib?
Rəqəmsal marketinq üzrə mütəxəssis Ferhat Aktaş Oxu.Az-a müsahibə verib:
- Ferhat bəy, dünyanın müxtəlif ölkələrində çalışmısınız. Koronavirus pandemiyası dövründə rəqəmsal marketinqdə nələr baş verdi?
- Bəli, 21 ildir ki, bu sahədə işləyirəm. Bu müddətdə beş fərqli əməliyyat üzrə fəaliyyət göstərən beynəlxalq şirkətdə çalışdım və 50-dən çox ölkəni ziyarət etmişəm. İnsanların istehlak etdiyi məhsulların, xidmətlərin, daha çox laboratoriya texnikalarının üstünlük təşkil etdiyi və insan psixologiyasının ön planda olduğu sahələrdə təhsil almışam.
Bildiyiniz kimi, dünya təxminən 20 aydır ki, çətin bir dövrdən keçdi. Zaman-zaman dünyada müxtəlif çətinliklər yaşanırdı. Buna iqtisadi, sosial və müharibənin adını çəkmək olar. Koronavirus pandemiyasına onu deyə bilərəm ki, bizdən sonra bir nəslin də xatırlayacağı bir fəlakətdir. 
Pandemiya dönəmində dünya sanki kiçildi. Mənim fikrimcə, dünya hamımızın içində olduğu evdir. Bu vəziyyətdə bir çox problemlər unuduldu və COVID-19-la mübarizə üçün çıxış yolu axtarıldı. Rəqəmsal tərəfdən danışmadan əvvəl bir məsələ barədə fikirlərimi bölüşmək istəyirəm ki, koronavirus pandemiyası sonrası bütün insanların təsirləndiyi çox vacib məsələlər var.
Yaxınlarını itirən, iqtisadi çətinlik çəkən, xəstəliklə mübarizə aparanlar oldu. Artıq dünyanın bundan sonra gedəcəyi tək yer rəqəmsallaşmaq olacaq. Buna keçid doğru analizlərlə edilməlidir. Rəqəmsallaşma bəzi sektorlarda ortaya çıxan bir vəziyyət deyil. Əslində 24 saat müzakirə ediləcək bir mövzudur.
İnsanların vərdişlərinin, xərclərinin dəyişməsi iqtisadi olaraq xidmətlərini təqdim etməkdə çətinlik çəkən sektorlar satışlarını artırdı. Normalda böhran dövrlərində birjalarda enmələr yaşanır, bəzilərində isə 100 faiz artım oldu. Rəqəmsallaşma addımları atmaq lazımdır. 
Pandemiya sonrası bu sahənin çox yaxşı inkişaf etməsini göstərir. Məsələn, biz təxmin etmədiyimiz riskləri bir modelləşməyə qoymuruq. Bu vəziyyət göstərdi ki, əslində gözləmədiyimiz risk bir anda ortaya çıxır və təxmin edilməyən risklərin modelləməyə qoyulması lazımdır. Rəqəmsallaşma sahəsində bu modellənin çox uğurlu olduğu vaxtlar yaşayacağıq.
Bir başqa məsələ budur ki, COVID-19 sonrası mütəxəssislərin arasındakı əngəlləri qaldırmaq lazımdır. İşində peşəkar insanların daha yaxşı nəticə göstərilməsinə şərait yaratmaq lazımdır. Pandemiyadan illər əvvəl mütəxəssislər koronavirus ilə bağlı araşdırmalar apardı, film belə hazırlandı. 

- Koronavirus pandemiyası bütün dünyada geriləməyə səbəb oldu. İnsanların üstünlük verdiyi sahələr dəyişməyə başladı. Bütün bunların nəticəsində rəqəmsal yöndən yüksəliş müşahidə edildimi?
- Bu gün dünyada iki milyarddan çox insan onlayn ticarət imkanına malikdir. Dörd milyarddan çox insan sosial mediadan istifadə edir. Pandemiya vaxtı bütün bunlar rəqəmsallaşma hədəflərini sürətləndirdi. Bəlkə koronavirus pandemiyası yaşanmasaydı, bu qədər sürətlənmə olmayacaqdı.
Pandemiyanın vaxtının başlaması zamanı onlayn ticarət səkkiz həftədə 10 illik inkişaf göstərdi. Bunu heç kim xəyal edə bilməzdi. Şirkətlərin buna hazırlıqlı olub-olmaması və sair mövzular var, amma əsas məsələ odur ki, onlayn ticarətdə 10 illik bir inkişaf oldu. Rəqəmsallaşmanın inkişafını görə bilirik, amma bu da dalğalanma sayılır. Bütün bunların analiz olunması lazımdır. 
- Gələcəkdə koronavirus pandemiyası kimi hallar olarsa, rəqəmsal marketinqdə nələr edilməlidir?
 - Əslində gələcək bu gündür. Bir çox ölkə təxminən iki illik bir müddətdə COVID-19-la bağlı karantin elan etdi. Son 10 aylıq müddətdə isə koronavirus əleyhinə vaksinlər hazırlandı. Hazırda sürətli şəkildə vaksinasiya prosesi gedir, amma xəstəliyin yeni ştammı ortaya çıxır. Bunun necə bir son gətirəcəyini tam bilmirik.
Amma geriyə baxdıqdan sonra gələcəkdəki planda şirkətlər marketinqdə daha önəmli addımlar atmalıdırlar. Əvvəllər bir ölkə bütün məhsullarını Çindən idxal edirdi. Amma pandemiya dövrü məhsulu yalnız bir ölkədən idxal etməməyi bizə öyrətdi. Marketinqdə buna uyğun strateji hədəflər hazırlamalıdır.
İnsanlar məhsulunuzun onların bütün ehtiyaclarını qarşılayacağına inanmaları lazımdır. Məsələn, mən əvvəllər bir markanın qəhvəsini içirdim, amma bu pandemiya zamanı ən son dadına baxdığım qəhvənin buraxdığı iz mənim üçün önəmlidir. İnsanlara sadəcə deməlisiniz ki, siz nə istəyirsiniz? Bir məhsulu müştəriyə təqdim edən zaman əsas onun istəklərini nəzərə almalısınız. Çünki artıq hər kəs internetdən hər şeyi rahat öyrənə bilir. 

- Şirkətlər böhrana necə hazırlaşmalıdır?
- Təbii ki, hər bir şirkətin böhrandan çıxış planı hazırlanmalıdır. Problemli nöqtələr tapmalı və əvvəlcədən görülməlidir. Bir problem olanda insanlar şirkətinizin verdiyi məlumatlara inanacaqlar. Fəlakətlə bağlı hazırlıq planlarınız yoxdursa, insanlar eşitdiyi sözlərə inanar. Bu da fərqli nəticələrə gətirib çıxara bilər. 
- Pandemiya dövründə onlayn ticarətdə inkişafın sürətlə getdiyini qeyd etdiniz. Hansı sahələrdə geriləmə olub? Gələcəkdə oxşar problemlərin qarşısını almaq üçün nə etmək lazımdır?
- Onlayn ticarətdə yüksəlişin əsas səbəbi karantin dövründə insanların marketlərə, mağazalara getməməsidir. Elektron ticarət zamanı vaxt qazandıq, qiymətlərlə tanış olduq. Bütün brendlər mağazalarını elektron ticarət üzərində yerləşdirməlidir. Siz bu günə kimi onlayn platformalarda olmamısınızsa, mütləq bunu etməlisiniz.
Gücünüzü onlayn platformaya daşımalısınız, bunu doğru analizlərlə etməlisiniz və rəqəmsal etibara sahib olmalısınız. İnsanlar sizə güvənmirsə, etdiyiniz işlər heç bir fayda verməyəcək. Bu işi mütəxəssislərin köməyi ilə etməlisiniz. 
- Pandemiya dövründə müştəri vərdişləri necə dəyişdi?
- Əvvəlcə mağaza vərdişlərimiz sıfıra endi. Əvəzində istədiyimiz məhsulları onlayn şəkildə əldə etməyə çalışdıq. Rəqəmsallaşmada izləyicisi çox olan bloqerlərlə yanaşı, məhdud çərçivələrdən bəhs edənlər daha çox diqqət cəlb etməyə başladı. Hər bir şirkətin sosial məcralardan insanlara çatması üçün reklamdan istifadə etməsi şərtdir. İnsanlar bunları izləyir və onları cəlb edir.
Pandemiya sonrası da insanlar bu vərdişlərdə qalacaqlar. Brendlər daha yaxşı təkliflər edərlərsə, insanlar davamlı olaraq onlarla ünsiyyətdə olacaq və yüksək gəlir əldə edəcək. Aparılan araşdırmalara görə, alıcıların 30 faizdən çoxu davamlı olaraq “bu brendin mənə faydası olacaqmı?” deyə düşünür.
Digər hissə isə mənim və ailəmin sağlamlığına hansı faydaların olması, brendin qlobal səviyyəsinin necə olması və alınan faydanın başqa insanlar üçün nələr etməsi ilə bağlıdır. 

- Hansı ölkədə rəqəmsal marketinq daha da sürətli inkişaf edib?
- Bu məsələdə hansı sahəyə baxdığınız önəmlidir. Ticarətin bütün sferalarında xaricə məhsul satışları həyata keçirən ölkələrdə rəqəmsal marketinq daha yaxşı inkişaf edib. ABŞ, Çin, Avropanın bir neçə ölkəsini misal gətirmək olar. 
- Rəqəmsal marketinqlə bağlı Azərbaycanda vəziyyət necədir?
- İnsanların istehlak etdiyi məhsullara görə bir çox ölkədən öndədir. Ancaq bəzi texniki məsələlər öz həllini tapmalıdır. Mənim diqqətimi çəkən bir məqam var ki, Azərbaycanda insanlar sosial mediadan istifadə etməyi sevirlər. İnsanlar alış-veriş edərkən sosial platformadan təsirlənirlər. Amma rəqəmsal marketinq gücləndirilməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA