sedanews.az
sedanews.az

Ermənistanın ərazisi 1920-ci ildə neçə min kv.km idi?

5-11-2020, 09:48 43 dəfə baxılıb

Ermənistanın ərazisi 1920-ci ildə neçə min kv.km idi?




Ermənistan Prezidenti Armen Sərkisyanın Qarabağ müharibəsinin əsasının əslində 1920-ci ilə gedib çıxdığını deməsi onun savadsızlığından irəli gəlir. Bəli, münaqişənin başlanma tarixi bu dövrə təsadüf edir, lakin inkişafı tam fərqli baş verib.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov Ermənistan Prezidenti Armen Sərkisyanın RBK kanalına müsahibəsində səsləndirdiyi bir çox tarixi təhriflər haqda danışarkən deyib. O bildirib ki, 1921-ci il iyul ayının 5-i, daha sonra isə 7-si ilk dəfə Sovet hökuməti Dağlıq Qarabağla bağlı məsələni gündəmə gətirib:
“Cümhuriyyət tarixinə nəzər salsaq, görə bilərik ki, Qarabağda hər hansı bir muxtariyyət olmayıb. Ermənilərə Qarabağın dağlıq hissəsinin verilməsi deyilən bir məsələ də olmayıb. Digər bir faktı da deyim ki, Ermənistan deyilən bir dövlətin qurulması 1918-ci il mayın 29-da AXC Milli Şurasının qəbul etdiyi bağışlanmaz qərar nəticəsində oldu. Bu qərardan sonra Ermənistana güzəştə gedilən ərazi İrəvan şəhəri və ətrafı ilə birlikdə 9 min kvadrat kilometr idi. Bu tarixə qədər Cənubi Qafqazda istənilən - rus, türk, fars, Azərbaycan mənbələrinə baxsanız, Ermənistan deyilən bir dövlətə rast gələ bilməzsiniz.
Ermənilərə İrəvan şəhəri və ətraf ərazilər o şərtlə verilmişdi ki, onlar gələcəkdə Zəngəzur, Naxçıvan və Qarabağa heç bir ərazi iddiası ilə çıxış etməsin”.
Tarixçi alim bildirib ki, bolşeviklər 1920-ci ildə Azərbaycanı işğal edəndən sonra həmin ilin sonunda Ermənistana bir sıra torpaqlarımız qanunsuz olaraq verildi:
“Stalin Ermənistanı işğal etdikdən sonra belə bir təklif irəli sürdü ki, əgər ermənilər sovetləşməyi qəbul etsə, Zəngəzuru Ermənistana verə bilər. Baxın, faktiki olaraq Azərbaycanın torpaqlarını sovet hökuməti hərraca qoydu. 1921-ci il iyulun 5-də müzakirə zamanı Dağlıq Qarabağın da Ermənistana verilməsi istənildi. Lakin bu zaman Nəriman Nərimanov buna etiraz edərək iyulun 7-də Dağlıq Qarabağ ərazisinə Azərbaycanın tərkibində muxtariyyət verilərək saxlanılmasına nail oldu. Yəni bu gün Dağlıq Qarabağ münaqişəsinin təməlini qoyan məhz sovet hökuməti idi.
1923-cü ilin avqustunda muxtar vilayətin təşkilindən sonra ermənilər Xankəndini məskən seçdi və şəhərin adını dəyişdirərək, bandit Stepan Şaumyanın şərəfinə adlandırdı.
İndiki Ermənistan ərazisinə sovet dövründə məxfi qərar ilə 500 min erməni köçürülüb. Həmin 500 min erməni məhz Zəngəzur ərazisinə yerləşdirildi. Bu hadisədən sonra - 1921-ci ildən etibarən 1929-cu il fevralın 29-na qədər həmin ərazilər hissə-hissə Azərbaycan xalqının iradəsi olmadan, heç bir referendum keçirilmədən Ermənistana verildi. Beləliklə, Naxçıvan ilə Azərbaycan arasında əlaqə də kəsilmiş oldu. Bu isə sonralar bu ərazinin də işğal edilmək istənməsi ilə bağlı idi.
Göründüyü kimi, istənilən halda bu münaqişə ilə bağlı real faktlar saxtalaşdırılmağa çalışılsa da bizim əlimizdə tarixi sənədlər, xəritələr var. Cümhuriyyət dövründə Cənubi Qafqazın real siyasi xəritəsi var və dünya ölkələri də bunu belə qəbul edib. Sovet işğalından sonra dəyişən xəritələr də mövcuddur. Buna görə də ermənilər sovet tarixini inkar edirsə, onda biz Cümhuriyyət tarixinə və ərazilərinə böyük həvəslə qayıda bilərik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA