sedanews.az
sedanews.az

Azərbaycan dünyaya ən müasir şəhərsalma mədəniyyəti təqdim edir

30-06-2022, 10:07 237 dəfə baxılıb

   Azərbaycan yaşı bir neçə min il olan şəhərlər diyarıdır. Qədim və orta əsrlər dövrünün kifayət qədər mütərəqqi, inkişaf etmiş şəhər mədəniyyətinə malik olan ölkəmiz bu gün - ən yeni dövrdə də qabaqcıl, nümunəvi şəhərsalma mədəniyyəti nümayiş etdirir.
Bildiyimiz kimi, Ermənistan 30 illik işğal dövründə Qarabağdakı şəhər və kəndlərimizə, təbiətimizə hədsiz zərər vurmaqla bölgədə əsl vəhşilik, barbarlıq nümunəsi yaratmışdır. Prezident İlham Əliyevin iyunun 27-də Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxışında söylədiyi kimi, Ermənistan şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib: “Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib”.
   Ərazinin minalarla və partlamamış sursatlarla həddən artıq çirkləndirilməsinə baxmayaraq, Azərbaycan Vətən savaşından sonra cəmi 2 ildən də az müddətdə bölgədə minatəmizləmə işləri ilə yanaşı, nəhəngmiqyaslı layihələrin icrasına başlamış, Füzuli şəhərindən Şuşa şəhərinə “Zəfər yolu” adlandırılan rahat avtomobil yolu inşa etmiş, Füzulidə hava limanı inşa etmiş, regionda infrastrukturun yenidən qurulması istiqamətində digər vacib işlər görmüşdür. 
Dövrümüzün ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini reallaşdıran Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Artıq Zəngilan rayonunun Ağalı kəndi “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulub və bu ilin may ayından kəndin ilk sakinləri doğma yurdlarında məskunlaşmağa başlayıblar.
Şəhərlərin bərpası zamanı onların tarixi, memarlığı, təbii landşaftı nəzərə alınır. Azərbaycan bu təcrübəni illərdir ki, həyata keçirir. Təsadüfi deyil ki, müasirliklə qədimliyin ahəngini formalaşdıran Bakı dünyanın gözəl şəhərləri sırasındadır. Qədimliyi və təbiət gözəlliyi ilə seçilən Şəki şəhəri sanki açıq səma altında muzeydir. Ölkənin bütün regionları üzrə belə nümunələrin sayını artımaq olar. 
Azərbaycan bu sahədə təcrübəsini Qarabağ bölgəsində daha da təkmilləşdirilmiş formada həyata keçirir. 30 ilə yaxın müddətdə erməni vandalizminə məruz qalmış qədim Şuşa şəhərində bu gün mötəbər mədəni və humanitar tədbirlər təşkil olunur. Şəhərin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa ədalətin haqsızlıq, mədəniyyətin, sivilizasiyanın barbarlıq, vandallıq üzərində qələbəsinin simvoludur.
   Dövlət başçısının sözügedən çıxışından da məlum olduğu kimi, Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Artıq burada 200 hektar sahəyə malik Ağdam Sənaye Parkı fəaliyyət göstərir. Zəngilan şəhərinin inşasında onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi əsas götürülür.
    Yeni şəhərlərin və kəndlərin salınmasında onların təhlükəsizliyinə, dayanıqlığına, iş yerləri ilə təminatına önəm verilir ki, bu da gələcəkdə həmin bölgənin mühüm iqtisadi mərkəzə çevrilməsinə zəmin yaradır. Heç şübhəsiz, Azərbaycanın müasir şəhərsalma və kəndsalma sahəsində artan təcrübəsi və yaratmaqda olduğu nümunələr beynəlxalq səviyyədə xüsusən postmüharibə və postmünaqişə zonalarının yenidən qurulması üzrə böyük marağa səbəb olacaq.

Hülya Məmmədli
Politoloq






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA