Azərbaycan ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikdir
Azərbaycan Xəzəryanı ölkələrin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.
Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.
Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.
Sammitdə çıxış edən İran Prezidenti Həsən Ruhani, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Zirvə görüşünün əhəmiyyətinə toxunaraq onun Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da inkişafına güclü təkan verəcəyini, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin dərinləşməsinə xidmət edəcəyini bildirdilər.
“Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
VI Zirvə toplantısında qəbul ediləcək qərarlar Xəzərin potensialını tam reallaşdırmağa onu sülh təhlükəsizlik, əməkdaşlıq və ekoloji cəhətdən təmiz zona kimi qoruyub saxlamağa imkan verəcək.
Natiq Həsənov
Bülbülə Bələdiyyəsinin sədri