sedanews.az
sedanews.az

Xankəndi yolu: Aksiyaçılar bir ayda nəyə nail oldu?

11-01-2023, 12:00 268 dəfə baxılıb


   Ekofəalların Laçın-Xankəndi yolundakı aksiyasının əsas nailiyyəti odur ki, artıq otuz gündür Ermənistandan Qarabağa silah və mina daşınmır, oradan silahlı qruplar keçmir, qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısı alınıb.
  Bu sözləri Axar.az-a ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiyanın bir ayının tamam olması haqqında açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
Politoloq sözügedən məsələdə dövlətin və xalqın vahid mövqedən çıxış etdiyini vurğulayıb:
“Azərbaycan Ermənistanın Qarabağda məhdud subyektliliyini də şübhə altına aldı. Yəni Ermənistan Xankəndiyə nə qədər qaz və işıq versə, maliyyə ayırsa da, Qarabağın ölkəmizin nəzarəti altında olduğunu İrəvana göstərdik. Digər tərəfdən, biz bütün dünyaya və bölgədə maraqlı olan ölkələrə milli məsələlərdə cəmiyyətin və dövlətin vahid mövqe nümayiş etdirdiyini bir daha sübut etdik. Heç bir təzyiq dövlətimizin və xalqımızın bu mövqeyini sarsıda bilməz”.
   Fərhad Məmmədov bildirib ki, əsas hədəfimiz Laçın yoluna nəzarətin institutlaşdırılmasıdır:
“Yəni ya şərti sərhədə giriş-çıxışa nəzarət formalaşdırılmalı, yaxud da yol boyunca nəzarət təmin olunmalıdır. Digər əsas nailiyyətlərdən biri Qarabağdakı ermənilərə talelərinin ancaq Azərbaycanla bağlı ola biləcəyi, razılaşmayanların isə oranı tərk etməli olduğu mesajının verilməsidir. Bütün dünya bir daha gördü ki, dövlətimiz Qarabağla bağlı hansısa güzəştə getməyəcək, bununla bağlı hansısa xarici ölkə və qurumla müzakirədən belə söz gedə bilməz”.
   Qeyd edək ki, ötən ilin dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Qarabağdakı “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında qanunsuz istismar və ekoloji fəsadlarla bağlı monitorinq aparmalı idi.    Lakin monitorinq sülhməramlıların fəaliyyətsizliyi ucbatından baş tutmadı. Bundan sonra dekabrın 12-də Laçın-Xankəndi yolunda ekofəallar aksiyası başladı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA